"Google"ın gəliri - REKORD HƏDDƏ
İnternet şirkəti "Google", bu ilin 3-cü rübündə 33.7 milyard dollarla tarixinin ən yüksək rüblük gəlirinə çatıb. Ancaq analitiklərin "gəlir proqnozdan aşağıdır" qiymətləndirməsindən sonra, "Google"ın ana şirkəti "Alphabet"in səhmləri ucuzlaşıb.
"Google"ın ana şirkəti "Alphabet", 2018-ci ilin 3-cü rübünün maliyyə nəticələrini açıqlayıb. Şirkətin İyul-Avqust-Sentyabr dövründəki cəmi gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21% artımla 27.8 milyard dollardan 33.7 milyard dollara qalxıb.
Bu gəlir rəqəmi, "Google" tarixinin ən yüksək rüblük gəliridir. "Google", bu gəlirlərinin 86%-ni və ya 28.9 milyard dollarını reklamlardan əldə edib.
Ötən ilin 3-cü rübündə 6.7 milyard dollar olan şirkətin xalis mənfəəti, bu ilin 3-cü rübündə 37%-lik artımla 9.2 milyard dollara yüksəlib.
GÜNDƏLİK QAZANCI 102 MİLYON DOLLARDIR
2018-in 9 ayı ərzində isə "Google"ın cəmi gəlirləri 24 faiz artımla 97.5 milyard dollara, xalis mənfəəti isə 39%-lik artımla 21.8 milyard dollara çatıb.
"Google"ın gündəlik gəliri 375 milyon dollar, gündəlik xalis mənfəəti isə 102 milyon dollar olub. Bu rəqəmlər 2017-ci ildə isə müvafiq olaraq 308 milyon dollar və 75 milyon dollar səviyyəsində idi.
SƏRMAYƏÇİSİ MƏMNUN DEYİL
30 Sentyabr etibarilə kassasında 13.4 milyard dollarlıq nağdvəsaiti olan şirkətin gəlirlərinin "Wall Street" analitiklərinin gözləntilərindən aşağı olması, ABŞ birjalarında "Alphabet" səhmlərinin 4 faiz ucuzlaşmasına səbəb olub.