Sənaye

Azərbaycan qazının Bolqarıstana nəqli üçün kəmərin təməli qoyuldu - FOTO

Bu gün Bolqarıstanın cənubunda, Kirkovo kəndi yaxınlığında Bolqarıstan-Yunanıstan İnterkonnektorunun (Interconnector Greece-Bulgaria-IGB) təməlqoyma mərasimi keçirilib.

"ENA" xəbər verir ki, mərasimdə Bolqarıstanın Baş naziri Boyko Borisov və Yunanıstan Baş naziri Aleksis Tsipras, Azərbaycan baş nazirinin I müavini Yaqub Eyyubov iştirak ediblər.

Mərasimdə çıxış edən Bolqarıstan Baş naziri qeyd edib ki, bu layihə təkcə iki ölkə üçün deyil, qərbi Balkan ölkələri, bütövlükdə isə Avropa üçün strateji əhəmiyyətə malikdir.

Yunanıstan Baş naziri isə bildirib ki, IGB Balkan ölkələrini enerji habına çevirəcək.

Qeyd edək ki, IGB Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının II fazası çərçivəsində hasil edilən və Cənub Qaz Dəhlizi vasitəsilə nəql olunacaq təbii qazın Bolqarıstana ixracı üçün nəzərdə tutulub. İnterkonnektor Trans-Adriatik Boru Kəmərinə (TAP) qoşulacaq.

Bolqarıstan IGB vasitəsilə ildə 1 mlrd. kubmetr Azərbaycan qazı alacaq. Belə ki, Bolqarıstanın dövlət qaz şirkəti “Bulgargaz EAD” “Şahdəniz” yatağının II fazasının işlənməsi çərçivəsində ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı Bolqarıstanın qaz istehlakının, təxminən, 25-30%-ni qarşılayacaq. IGB-nin inşasınıın 2020-ci ilin ikinci yarısında yekunlaşması nəzərdə tutulur. İnterkonnektorun ümumi investisiya dəyəri 220 mln. avrodur.

İnterkonnektorun uzunluğu 182 km təşkil edir, bunun 150 km-i Bolqarıstan ərazisinə düşür. İnterkonnektorun texniki gücü 3-5 mlrd. kubmetr nəzərdə tutulur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)