A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et

Tənzimləmə xərcləri

Sözün izahı

 

Sığorta müqaviləsi üzrə baş vermiş zərərlərin araşdırılması və qiymətləndirilməsi prosesi üzrə çəkilən xərclərin ümumi məbləği.

Misal:

Sığortalanmış avtomobil yol-nəqliyyat hadisəsinə məruz qalır və ona ciddi zərər dəyir. Sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, avtomobilin hadisə yerindən təmir emalatxanasına xüsusi nəqliyyat vasitəsində daşınması üçün sığortaçı 70 manat ödəyir. Avtomobilə dəyən zərərin qiymətləndirilməsində təmir emalatxanasının rəyi ilə razılaşmayan sığortaçı müstəqil ekspert cəlb etməli olur və buna görə 400 manat qiymətləndirmə haqqı ödəyir. Avtomobilə dəymiş zərər 3 700 manat məbləğində qiymətləndirilir və sığortaçı 500 manat azadolma məbləğini çıxdıqdan sonra 3 200 manat məbləğində sığorta ödənişini həyata keçirir. Dəymiş zərərin tənzimlənməsi üçün sığortaçının 3 200 manat sığorta ödənişindən əlavə ödəmiş olduğu daşıma xərci (70 manat) və qiymətləndirmə xərci (400 manat) (ümumilikdə 470 manat) sığortaçının tənzimləmə xərclərini təşkil edir.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2008-ci il 14 noyabr tarixli “Sığortaçıların zərərlilik dərəcəsinin müəyyən edilməsi Qaydalar”ı, bənd 1.3.6:

tənzimləmə xərcləri – sığorta ödənişlərinin məbləğinə daxil olmayan, lakin sığorta ödənişlərinin verilməsi ilə əlaqədar olan təşkilati, texniki, hüquqi və qiymətləndirmə xidmətlərinin əldə edilməsi üzrə sığortaçının əlavə xərclərinin cəmi.

Beynəlxalq təcrübədən nümunə

Belarus Respublikasının Maliyyə Nazirliyi yanında Sığorta Fəaliyyətinə Nəzarət Komitəsinin 2000-ci il 13 dekabr tarixli “Qeyri-həyat sığortasına aid sığorta növləri üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydaları”, Fəsil I, bənd 6:

Zərərlərin tənzimlənməsi üzrə xərclər (рус.–расходы по урегулированию убытков) – sığorta olunanın əmlak maraqlarına dəyən zərərin (ziyanın) həcminin və azaldılmasına çəkilən xərclərin qiymətləndirilməsi ilə əlaqədar ekspert, məsləhət və ya digər xidmətlərə görə ödənilən pul vəsaitlərinin məbləği.

“Barrons Educational Series” “Sığorta terminləri lüğəti”, beşinci nəşr, səh 298:

Zərərlərin tənzimlənməsi xərcləri (eng.–loss adjustment expenses) – sığorta şirkətinin sığorta müqaviləsi üzrə zərərlərin tənzimlənməsinə çəkdiyi xərclər.

Şinkarenko İ. E. “İngiliscə-rusca sığorta terminləri lüğəti” Moskva, “Ankil”-2005:

Tələblər üzrə xərclər (eng.–claims expence) – zərər məbləği istisna olmaqla, onun aradan qaldırılması üzrə sığorta hadisəsinin səbəbinin müəyyənləşdirilməsi, məhkəmə xərcləri və sairlə əlaqədar xərclər.