A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et

Təminat şəhadətnaməsi

Sözün izahı

Sığorta brokerinin sığortalıya (təkrarsığortalıya) verdiyi və sığorta (təkrarsığorta) risklərinin yerləşdirilməsini təsdiq edən, habelə risklərin yerləşdirilməsinin təfərrüatını əks etdirən sənəd.

Misal:

Şəxs 27 mart tarixdə sığorta brokeri ilə görüşərək öz mənzilini 01 aprel tarixdən qüvvədə olması şərtilə 1 il müddətinə yanğın, zəlzələ, tufan, daşqın, subasma risklərindən sığorta məbləği 40 000 manat olmaqla sığorta etdirmək istəyini bildirir. Broker müvafiq sığortaçı taparaq 29 mart tarixdə mənzilə görə sığorta təminatı alınmasını razılaşdırır. Şəxs 30 mart tarixdə sığorta haqqını ödəyir. Sığorta brokeri sığortaçı ilə danışıqlarının nəticəsi olaraq, şəxsə sığorta müqaviləsini 05 aprel tarixdə vermək imkanını bildirir. Bunun əvəzində isə o, şəxsə mənzilin sığortalanmasının 01 aprel tarixdən qüvvədə olmasını təsdiq edən öz sənədini – təminat şəhadətnaməsini təqdim edir.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

Azərbaycan Respublikasının Mülki Məcəlləsi,

maddə 940.1: Təminat şəhadətnaməsi sığorta brokerinin sığortalıya (təkrarsığortalıya) verdiyi və sığorta risklərinin yerləşdirilməsini təsdiq edən sənəddir.

maddə 940.2: Təminat şəhadətnaməsində aşağıdakılar göstərilməlidir:

  • sığorta (təkrarsığorta) müqaviləsi üzrə riskləri qəbul edən və ya bölüşən sığortaçının (təkrarsığortaçının) tam adı və ünvanı;
  • sığortalının (təkrarsığortalının) tam adı və ünvanı;
  • sığorta müqaviləsinin qüvvədə olduğu müddət və ərazi;
  • sığorta (təkrarsığorta) müqaviləsi üzrə təminat verilən sığorta riskləri;
  • sığortaçının (təkrarsığortaçının) qəbul etdiyi və ya bölüşdüyü sığorta və ya təkrarsığorta riskinə uyğun olan sığorta (təkrarsığorta) məbləğinin hər bir sığorta predmeti və ya onun hissəsinə, yaxud hər bir sığorta olunana münasibətdə ayrı-ayrı risklər üzrə miqdarı;
  • sığorta (təkrarsığorta) haqqının ümumi və hər bir sığorta predmeti üzrə məbləği və ödənilməsi qaydası.

maddə 939.1: Sığorta brokeri onun vasitəsilə bağlanan sığorta müqaviləsini tərəflərdən sonuncusunun imzaladığı tarixdən etibarən 3 gün müddətində sığortalını həmin müqavilənin nüsxəsi və (və ya) müvafiq sığorta şəhadətnaməsi ilə, bu mümkün olmadıqda isə müvafiq sığorta müqaviləsinin nüsxəsinin, yaxud sığorta şəhadətnaməsinin sığortalıya verilməsinədək qüvvədə olan … təminat şəhadətnaməsi ilə təmin etməlidir.

Beynəlxalq təcrübədən nümunə

Korolkeviç V.A., Korolkeviç Y.B. “Müasir ingiliscə-rusca sığorta lüğəti”, Moskva-2002:

Sığorta kovernotası (рус.– ковернота страховая) – brokerin sığortalıya verdiyi və sığortaçıların siyahısı göstərilməklə (sığorta)müqavilə(si)nin bağlanmasını təsdiq edən şəhadətnamə.

Avstraliya Federasiyasının 1984-cü il “Sığorta müqavilələri” Aktı, maddə 11(1):

“polis sənədi” (eng.–“policy document”)dedikdə, sığorta müqaviləsinə münasibətdə

  • sığortaçı tərəfindən hazırlanmış, müqavilənin bağlanması faktını təsdiq edən sənəd;
  • müqavilənin bağlanması faktını təsdiq edən brokerin yerləşdirmə slipi başa düşülür

və müvəqqəti bağlanmış sığorta müqaviləsinə münasibətdə “təminat qeydi” (eng.–“cover note”)kimi tanınan sığortaçı və ya onun verdiyi səlahiyyət əsasında sığorta vasitəçisi tərəfindən hazırlanan sənədi də əhatə edir.

Con Klark “Sığorta və maliyyə beynəlxalq lüğəti”, Çikaqo və London-1999, səh.86.

Təminat qeydi – sığorta şirkətinin buraxdığı, tam sığorta müqaviləsinin (və sığorta şəhadətnaməsinin) tərtib edilməkdə olduğu qısa müddət üçün, adətən bir ay müddətinə sığorta təminatı verən sənəd.

Fransa Respublikasının Sığorta Məcəlləsi - 2003-cü il, maddə L112-2, dördüncü abzas:

Sığorta təklifi sığortalı və ya sığortaçı üçün məcburi öhdəlik yaratmır. Yalnız sığorta müqaviləsi və ya təminat qeydi qarşılıqlı razılığın mövcudluğunu təsdiq edir.