Şəriət (İslam hüququ) əsasında həyata keçirilən, iştirakçıların qarşılıqlı kömək və könüllü yardım etmə prinsiplərinə əsaslanan, İslam dinində qadağan olunan əqdləri və əməliyyatları istisna edən, riskin, zərərin və gəlirin tərəflər arasında bölüşdürüldüyü sığorta mexanizmi.
Əlavə izahat:
“Təkaful” ərəbcə “kafala” sözündən götürülüb, mənası “yardımlaşma”, “bir-birinə zamin durma” deməkdir. Ənənəvi sığortada tətbiq edilən bəzi əməliyyatlar müsəlman əqidəsi və eyni zamanda İslam hüququnda qadağan olunduğu üçün sığorta əməliyyatlarının İslam modeli bu cür əməliyyatları istisna edən maliyyə münasibətləri mexanizminə əsaslanır. Belə ki, gələcəkdə baş verməsinin yalnız ehtimal edilməsinə görə hər bir risk müəyyən yox, qeyri-müəyyəndir. Qeyri-müəyyən bir şeyin (“ğarar”) ticarəti, yəni riskin başqasına ötürülməsi və əvəzində pul verilməsi İslamda qadağan olunduğu üçün təkaful əməliyyatları risk ötürülməsinə deyil, risklərin bölüşdürülməsinə əsaslanır. Yəni əqd sığortalının sığortaçıya riski ötürməsinə deyil, əksinə sığortalıların öz risklərini öz aralarında bölüşdürməsinə əsaslanır ki, burada sığortaçı sığortalıların risklərini bölüşdürməsində bir növ əlaqələndirici funksiyası yerinə yetirir və sığorta riskini üzərinə götürmür. Sığortalılar da başqasının zərərinə şərik olaraq öz risklərini bölüşdürdükləri və sığortaçının təşkil etdiyi və idarə etdiyi fondda əldə olunan mənfəətdən gəlir əldə etmək imkanına malikdirlər.
Bundan başqa, sələmçiliyi ifadə edən “riba” (sələm), yəni pul borcunun, o cümlədən sığortaçının banklarda yerləşdirilmiş vəsaitlərinin qaytarılması zamanı onun üzərinə müəyyən faiz məbləğlərinin hesablanması təkaful şirkətlərinin əməliyyatlarında qadağandır. Belə qadağa sığortalıların risklərini bölüşdürmək üçün bir yerə (təkaful fonduna) yığdıqları yardımlaşma vəsaitlərini (sığorta haqlarını) riba olan sahələrə, o cümlədən qeyri-islami bank hesablarına, qeyri-islami qiymətli kağızlara investisiyasını istisna edir.
Bəzi İslam maliyyəçiləri və alimləri hesab edirlər ki, ənənəvi sığortada İslamın qadağan etdiyi “meysir” (qumar) elementləri olduğu üçün, təkaful bunu da aradan qaldırır. Belə ki, ənənəvi sığortada sığorta hadisəsi baş verərsə, sığortalı nə isə əldə edir, baş verməzsə heç nə əldə etmir və ödədiyi pul (sığorta haqqı) da ona qaytarılmır. Təkafulda isə belə deyil. Sığorta hadisəsi baş verdikdə, sığortalı (təkaful iştirakçısı) sığorta ödənişi alır. Baş vermədikdə isə və təkaful fondu maliyyə ilini mənfəətlə başa vurduqda ödədiyi sığorta haqqına mütənasib olaraq, müqavilədə nəzərdə tutulmuş qaydada mənfəətdə iştirak edir. Təkaful fondunun vəsaitləri İslamda haram sayılan mallar (alkoqollu, içkilər, tütün məhsulları, donuz əti və s.) və xidmətlərə (sələm əsaslı banklar, gecə klubları və s.) dair aktivlərlə əlaqəli müəssisə və sahələrə investisiya edilə bilməz.
|