İstehlakçı hüquqlarına dair daxil olmuş müraciətlərin sayı 16% artıb

Bu ilin yanvar–iyul aylarında istehlakçı hüquqlarına dair daxil olmuş müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% artaraq 3607-dən 4184-ə yüksəlib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata görə, eyni zamanda baxılmış müraciətlərin sayı 16,5 % da artaraq 4161-dən 4847-yə çatıb.
Qeyri-qida məhsulları üzrə ümumilikdə 2374 müraciət qeydə alınıb. Bu sahədə ən çox müraciətlər məişət əşyaları və texnikası (615), geyim məhsulları (307) və mobil telefonlar (304) ilə bağlı olub.
Xidmət sektoru üzrə isə ümumilikdə 1926 müraciət daxil olub. Onların əsas hissəsini daşıma və çatdırılma xidmətləri (736), rabitə və internet xidmətləri (213) və bank-maliyyə sahəsi (109) təşkil edib.
Qida məhsulları ilə bağlı 244 müraciət qeydə alınıb ki, onların 109-u ərzaq məhsulları, 27-si isə mineral və qazlı sular sahəsinə aiddir.
Dərman vasitələri və tibbi avadanlıqlar üzrə 59 müraciət, tütün məmulatları üzrə isə 9 müraciət daxil olub. Digər sahələr üzrə isə ümumilikdə 235 müraciət qeydə alınıb.