A-dan Z-yə terminlər (103)
Sözün izahı
|
Digər şəxslərin hər hansı bir əmlaka mülkiyyət hüququnun mübahisələndirilməsi ilə əlaqədar qaldırdıqları iddiaları əsasında həmin əmlaka mülkiyyət hüququnun itirilməsi riskindən sığorta.
Əlavə izahat:
Titul sığortası (mülkiyyət hüququnun sığortası) yanğın, subasma, qəza və s. kimi fiziki risklərdən deyil, sırf hüquqi risklərdən sığorta təminatıdır və bir sıra ölkələrdə tətbiq olunur. Fərz edək ki, şəxs alqı-satqı müqaviləsi bağlayaraq dəyərini tam olaraq ödəməklə qanuni əsaslarla mənzil alır. Lakin sonradan məlum olur ki, ona qədər həmin mənzil başqa şəxsə də eyni qanuni əsaslarla satılmışdır. Buna səbəb mənzil satanın ya ehtiyatsızlıq üzündən yol verdiyi səhv, ya da qəsdən etdiyi dələduzluq əməli, yaxud da mənzilə mülkiyyət hüququnun qeydiyyatı prosesinə cəlb edilən müvafiq dövlət orqanlarının qeyri-peşəkar yanaşması ola bilər. Hər bir halda, əgər qanunla mənzili əvvəl alanın mülkiyyət hüququ tanınırsa, mənzili sonradan alan çox güman ki, həmin mənzili itirir. Belə olan halda şəxsin itirdiyi mənzillə bağlı maliyyə problemlərinin həlli (mənzili alanda verdiyi pulu geri alması) üçün səmərəli üsul kimi problemin yaranmasından əvvəl bağlanmış titul sığortası müqaviləsindən istifadə edilir. Bəzi ölkələrdə titul sığortası müddətsiz bağlanır və konkret sığorta məbləği müəyyən edilmir. Başqa sözlə desək, sığorta müqaviləsi qüvvəyə mindikdən sonra mənzilə olan mülkiyyət hüququnun nə zaman itirilməsindən asılı olmayaraq, sığorta şirkəti məhkəmə qaydasında aldən çıxmış mənzillə eyni şəraitdə və dəyərdə olan başqa bir mənzilin alınmasına lazım olan məbləğdə sığorta ödənişi verir. Bu cür təminata görə ödənilən sığorta haqqı adətən mənzilin dəyərinin 0,4% - 1 %-olur ki, bu da istənilən halda mənzilə yaşayış hüququnun itirilməsi zamanı evsiz qalmağın və kompensasiya almaq imkanının olduqca çətin olması riski ilə müqayisədə cüzi bir məbləğdir.
|
|
Azərbaycan Respublikasının qanunvericiliyinə istinad |
Azərbaycan Respublikasının qanunvericiliyində “titul sığortası” ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır.
|
|
Beynəlxalq təcrübədən nümunə |
Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh.66:
titul sığortası (eng.–title insurance) – daşınmaz əmlak mülkiyyətçisinin əmlaka sahibliyinin mülkiyyət hüququnun etibarsız sayıldığı halda təminat nəzərdə tutan, əsasən müstəsna olaraq bu sinif üzrə ixtisaslaşmış sığortaçılar tərəfindən verilən sığorta təminatı.
|
|