A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et

Sığorta şəhadətnaməsi

Sözün izahı

Sığorta müqaviləsində nəzərdə tutulmuş şərtlər əsasında sığorta təminatının mövcudluğu faktını təsdiq edən, sığorta olunana verilməsi üçün sığortaçının birtərəfli qaydada imzaladığı sənəd.

Misal:

Şəxs 50 000 manat dəyərində qiymətləndirilmiş mənzilinin sığortalanması barədə sığortaçı ilə müqavilə bağlayır. Sığortaçı mənzilin hansı şərtlər əsasında sığorta etdirilməsini bilmək üçün şəxsə sorğu vərəqəsi verir. Şəxs sorğu vərəqəsində mənzilini öz dəyərində, yəni 50 000 manat məbləğində, həmçinin yanğın, subasma və təbii fəlakətlərə qarşı risklərdən sığorta etdirmək istədiyini qeyd edir. Şəxs ona təqdim olunan yazılı sığorta qaydalarını oxuyur və orada göstərilən standart şərtlərlə razılaşır. Sonra ödəyəcəyi sığorta haqqının məbləği ona bildirilir və o, həmin məbləğlə razılaşaraq sığorta haqqını ödəyir. Bundan sonra ona “sığorta şəhadətnaməsi” adlanan, sığortaçının imzalamış olduğu sənəd təqdim olunur. Həmin sənəddə sığortalının və sığorta olunanın adı, sığorta predmeti olan mənzilinin ünvanı, sığorta haqqı, sığorta məbləği, azadolma məbləği, habelə sığorta təminatının verildiyi risklər qeyd olunur. Sığorta şəhadətnaməsi “sığorta müqaviləsi” adlanan sənədin tərtib edilməsindən və ikitərəfli qaydada imzalanmasından asılı olmayaraq sığorta müqaviləsinin bağlanması faktını təsdiq edir.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu, maddə 1.1.11:

sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi,

maddə 901.1: Qanunvericilikdə başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd - sığorta şəhadətnaməsi verməlidir.

maddə 901.2: Müqavilə üzrə sığorta olunan eyni zamanda sığortalı olmadıqda, sığorta şəhadətnaməsi sığortalının yazılı tələbi ilə sığorta olunana da verilə bilər.

Beynəlxalq təcrübədən nümunə

“Beynəlxalq Sığorta və Maliyyə Lüğəti” CİB-Çikaqo və London – 1999, səh 186:

Sığorta şəhadətnaməsi (eng.–insurance certificate)–  Sığorta şirkəti tərəfindən verilən qüvvədə olan sığorta müqaviləsinin mövcudluğunu təsdiq edən sənəd.

Fransa Respublikasının Sığorta Məcəlləsi - 2003-cü il, maddə L423-7:

Həyat sığortası şirkətlərinin müflis olmasına qarşı sığortalıların təminat fondu alqı-satqı predmeti olmayan, üzv firmaların fonda daxil olduğu vaxt imzaladıqları sığorta şəhadətnamələri buraxa bilər. Təminat fondu cəlb edilmiş vəsaitlər hesabına qarşılana bilməyən zərərə məruz qaldığı halda qeyd olunan sığorta şəhadətnamələri artıq  kompensasiya olunmur və onların hər birinin dəyəri zərəri bağlamaq üçün lazım olan nisbətdə azaldılır.

Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh. 32:

Qrup annuiteti – hər bir üzvünün onlara verilən sığorta təminatını bəyan edən şəhadətnaməyə (eng.–certificate) malik olduğu vahid kollektiv müqavilə.