Məlumatların açıqlanması
Sözün izahı
Sığorta müqaviləsinin bağlanması zamanı və müqavilənin qüvvədə olduğu müddət ərzində müqavilə predmeti ilə əlaqədar olan risklər, həmçinin belə risklərin artması barədə sığortaçını vaxtında və təfərrüatlı şəkildə məlumatlandırmaq vəzifəsi.
Əlavə izahat:
Sağlamlığını tibbi sığorta etdirən şəxs səhhəti ilə bağlı əhəmiyyətli hesab olunan bütün halları açıqlamalıdır, yəni keçirdiyi əhəmiyyətli xəstəliklər, baş verməmiş, lakin ehtimal olunan (yaxın qohumlarda baş vermiş) irsi xəstəliklər barədə sığortaçını məlumatlandırmalıdır. Belə vacib halların gizlədilməsi halında sığorta ödənişinin verilməsindən imtina oluna bilər.
Azərbaycan Respublikasının qanunvericiliyinə istinad
Azərbaycan Respublikasının Mülki Məcəlləsi,
maddə 911.2: Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir.
maddə 911.3: Eyni sığorta marağı ilə bağlı bir neçə sığortaçı ilə sığorta müqaviləsi bağlayan sığortalı bu barədə sığortaçılardan hər birinə məlumat verməlidir.
maddə 912: Sığortalı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən sığorta riskinin artması ilə bağlı bütün hallar barədə sığortaçıya məlumat verməlidir.
maddə 923.1: Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
maddə 923.4: Bu Məcəllənin 923.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən (sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs)başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir.
maddə 935.1.1: Bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi (sığorta hadisəsinin baş verməsi barədə vaxtında məlumat verilməməsi)nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda (sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir.)
maddə 935.1.6: Bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla (yəni, ödənişdən imtinanın bu əsası məlumatların yanlışlığının sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olması və ya sığortalının yanlış məlumatların verilməsində təqsirli olmaması hallarına şamil edilmir), sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması (halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir.)
Beynəlxalq təcrübədən nümunə
Böyük Britaniyanın Dəniz risklərinin sığortası haqqında 1906-cı il Aktı:
maddə 18: (Məlumatların açıqlanması vəzifəsi (eng.-duty of disclosure):
(1) Bu maddənin müddəalarına uyğun olaraq, sığortalı ona məlumat olan bütün əhəmiyyətli halları sığorta müqaviləsinin bağlanmasından əvvəl sığortaçıya açıqlamalıdır və hesab edilir ki, sığortaçı adi iş şəraitində bilməli olduğu bütün halları bilir. Sığortalı bu cür açıqlamanı həyata keçirmədikdə, sığortalı müqavilədən imtina edə bilər.
(2) Sığortaçının sığorta haqqını müəyyən etməsi və ya riski qəbul edib-etməməsi qərarına təsir göstərə bilən bütün hallar əhəmiyyətli hesab edilir.
Almaniya Federativ Respublikasının Sığorta müqaviləsi Aktı - 2008-ci il,
maddə 19: (1) Sığortalı sığortaçını (onun)müqaviləni razılaşdırılmış məzmunda bağlamaq qərarına təsir edə bilən özünə məlum olan və sığortaçının yazılı şəkildə tələb etdiyi risk amilləri barədə müqavilə şərtlərinin qəbul edilməsindən əvvəl məlumatlandırmalıdır. Müqavilə şərtlərinin qəbul edilməsindən sonra da birinci cümlədə nəzərdə tutulan qaydada sığortaçının verdiyi suallar üzrə də sığortalı məlumatlandırma vəzifəsi daşıyır. (2) Sığortalı (1) altmaddəsi üzrə məlumatlandırma vəzifəsini yerinə yetirmədikdə, sığortaçı müqavilədən imtina edə bilər.
maddə 30: Sığortalı sığorta hadisəsinin baş verməsi ona məlum olduqda əsassız ləngiməyə yol vermədən bu barədə sığortaçıya xəbər verməlidir. Əgər üçüncü şəxs də sığortadan faydalanma hüququna malikdirsə, o da sığortaçını məlumatlandırmaq vəzifəsi daşıyır.
maddə 56: 19(2)-ci maddənin tələbinə baxmayaraq, məlumatlandırma vəzifəsinin yerinə yetirilməməsinə görə sığortaçıya (sığorta müqaviləsini)ləğv etmə səlahiyyəti verilmir; sığortaçı şərait barədə məlumatlandırılmamasını və ya yanlış məlumatlandırılmasını bildikdən bir ay müddətində müqaviləyə vaxtından əvvəl xitam verə bilər.
Avstraliya Federasiyasının 1984-cü il “Sığorta müqavilələri” Aktı, maddə 21:
(1) Bu Qanuna uyğun olaraq, sığortalı müvafiq sığorta müqaviləsi qüvvəyə minməzdən əvvəl özünə məlum olan məsələlər barədə hər bir məlumatı aşağıdakılar nəzərə alınmaqla sığortaçıya açıqlamalıdır:
(a) Sığortalının sığortaçı tərəfindən riski qəbul edib-etməmək, qəbul edildiyi halda isə hansı şərtlərlə qəbul etmək qərarı üçün (açıqlanmasını) uyğun bildiyi məsələlər açıqlanmalıdır;
(b) Müəyyən şəraitdə ağlabatan şəkildə hərəkət edən bir şəxsin məsələnin (açıqlanmaq üçün)uyğun olduğunu bilməsi əsasdır.
(2) Məlumatların açıqlanması vəzifəsi aşağıdakıların açıqlanmasını nəzərdə tutmur:
(a) riski azaldan məqamlar;
(b) hamı tərəfindən bilinən məsələlər;
(c) sığortaçının bildiyi və ya onun adi biznes şəraitində bilməli olduğu faktlar;
(d) sığortaçının açıqlanması hüququndan imtina etdiyi məsələlər.