A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et

Mütənasib təkrarsığorta

Sözün izahı 

Sığorta hadisəsi üzrə zərərlərin təkrarsığortalı və təkrarsığortaçı arasında bağlanmış təkrarsığorta müqaviləsində nəzərdə tutulmuş sığorta haqlarının mütənasibliyinə uyğun qaydada bölgüsünə əsaslanan təkrarsığortanın forması.

 

Misal:           

Şəxs öz mənzilini 40 000 manat məbləğində 12 ay müddətinə A sığortaçıda sığorta etdirir və 200 manat sığorta haqqı ödəyir. A sığortaçı öz risklərinin 25 faizini B təkrarsığortaçıya ötürür. Bu halda ödənilmiş sığorta haqqının 50 manatı (200 x 25%=50 manat) da təkrarsığorta haqqı kimi B təkrarsığortaçıya ödənilir. Sığorta hadisəsi nəticəsində mənzilə 20 000 manat həcmində zərər dəyərsə, A sığortaçı zərərin əvəzinin ödənilməsi üçün sığortalıya verdiyi məbləğin 25%-ni, yəni 5 000 manat hissəsini (20 000 x 25%=5000 manat) B təkrarsığortaçıdan alır.

 

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə 890.6:

Mütənasib təkrarsığorta müvafiq sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsinin baş verdiyi təqdirdə, təkrarsığortaçının təkrarsığorta müqaviləsi üzrə qəbul etdiyi sığorta riskinə mütənasib məbləğdə sığorta ödənişi vermək öhdəliyinin müəyyən edildiyi təkrarsığorta növüdür.

 

Beynəlxalq təcrübədən nümunə

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Sığorta Komitəsi Katibliyi: “İnkişaf etməkdə olan ölkələrdə Sığorta və Özəl Pensiya üzrə İcmal”, 1-ci Kitab (1999), səh.52:

Mütənasib təkrarsığorta (eng.- proportional reinsurance) riskin tərəflər arasında sığorta haqlarına və zərərlərə münasibətdə mütənasib bölgüsüdür.

Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh.52:

mütənasib təkrarsığorta – riski ötürən sığortaçı ilə onu qəbul edən təkrarsığortaçı arasında ilkin sığorta haqqı, həmçinin sığorta riski üzrə ehtimal edilən zərərin razılaşdırılmış hissəsinin bölüşdürülməsinə əsaslanan təkrarsığorta müqaviləsinin növü.