BNA-ya yeni səlahiyyət verildi
Bakı Nəqliyyat Agentliyi Müfəssəl planların razılaşdırıldığı orqanların siyahısına daxil edilib.
ENA.az xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədovimzalayıb.
Qərara əsasən Bakı Nəqliyyat Agentliyi Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”na əlavə edilib.
Qeyd edək ki, müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” 2012-ci il 29 iyun tarixli Qanunun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2012-ci il 4 sentyabr tarixli Fərmanının 1.6.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanıb və yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kəndlərin) ərazilərinin və ya onların ərazi hissələrinin, o cümlədən yaşayış məntəqələrinin hüdudlarından kənarda yerləşən ərazilərinin (yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulan) müfəssəl planlarının hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydalarını, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısını müəyyən edir. Bu Qaydaların tələbləri şəhərsalma və tikinti fəaliyyəti ilə məşğul olan bütün subyektlər üçün mütləqdir. Müfəssəl plan yaşayış məntəqəsinin qüvvədə olan Baş planı əsasında hazırlanır. Baş plan olmadığı halda və ya Baş planın hesabat müddəti bitdikdə, kəndlərin, qəsəbələrin və perspektivdə hesabi əhalisi 50 minədək olan şəhərlərin bütün ərazisi üçün müfəssəl planın hazırlanmasına yol verilir.
Müfəssəl plan planlaşdırılan struktur elementlərinin yerləşdirilməsini, onların inkişaf parametrlərini müəyyən edən ərazi planlaşdırılması sənədidir və yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin sifarişi ilə hazırlanır. Ərazi üçün yalnız bir müfəssəl plan olmalıdır.