Süni intellekt modellərinin imkanları insan nəzarətini çətinləşdirir

ENA.az xəbər verir ki, ABŞ-nin süni intellekt şirkətləri OpenAI və Anthropic ictimaiyyətə təqdim etmədikləri ən qabaqcıl modellərinin təhlükəsizliyini təmin etmək və onların fəaliyyətinə nəzarət etməkdə çətinlik çəkirlər.
Axios-un hər iki şirkətdəki daxili müzakirələrdən məlumatlı iki ondan çox mənbəyə istinadən yaydığı xəbərə görə, yeni modellərin riyaziyyat, elm, kibertəhlükəsizlik və süni intellekt tədqiqatları sahəsində düşünmə qabiliyyəti sürətlə inkişaf edir. Lakin bu irəliləyiş həmin sistemləri hətta şirkətlərin daxili sınaqları zamanı belə nəzarətdə saxlamağı çətinləşdirir.
Məlumata görə, şirkətlərdə gələcəkdə hazırlanacaq ən güclü modellərin ictimaiyyətə təqdim edilməməsi, yalnız daxili istifadə üçün saxlanılması müzakirə olunur. Yeni modellərin təliminin tamamilə dayandırılması da səsləndirilən variantlar arasındadır.
Tədqiqatçıların narahatlıqlarından biri modellərin insan nəzarətindən yayınmaq üçün davranışlarını gizlətməsidir. Bəzi hallarda sistemlərin öz mühakimə proseslərini daha az göstərdiyi, nəzarətçiləri inandırmaq üçün gerçəkliyi əks etdirməyən izahlar hazırladığı bildirilir.
Axios-a danışan tədqiqatçılardan biri modellər insanlardan daha ağıllı səviyyəyə çatdıqda onları aldatmaq imkanlarının da artacağını bildirib. Onun fikrincə, belə bir mərhələdə hazırkı təhlükəsizlik mexanizmləri yetərsiz qala bilər.
OpenAI nümayəndəsi şirkətin model buraxılışlarının tempini ləngidə biləcək yeni təhlükəsizlik tələbləri qəbul etdiyini bildirib. Anthropic isə modelin yalnız daxili istifadədə saxlanılmasının onu avtomatik olaraq təhlükəsiz etmədiyini vurğulayıb. Şirkət təhlükəsizlik səbəbindən bəzi modellərin hazırlanmasını ləngidə və ya onların təqdimatını təxirə sala biləcəyini açıqlayıb.
Müzakirələr süni intellektin inkişaf sürəti ilə insan nəzarəti imkanları arasındakı fərqin artması fonunda aparılır. Bununla belə, Axios-un məlumatları əsasən anonim mənbələrin açıqlamalarına söykənir və şirkətlərin təqdim edilməmiş modelləri ilə bağlı müstəqil qiymətləndirmələr hələ açıqlanmayıb.
(Bloomberg HT)











