Azərbaycanda nizamnamə kapitalı 1 mln. manat olan yeni BOKT yaradıldı – Rəhbəri kimdir?

Azərbaycanda “BOA Finance” adlı yeni bank olmayan kredit təşkilatı (BOKT) yaradılıb. Şirkətin nizamnamə kapitalı 1 milyon manat təşkil edir.
ENA.az Banker.az-a istindaən xəbər verir ki, 20 noyabr 2026-cı ildə təsis edilmiş “BOA Finance” MMC-nin rəhbərliyinə Samir Mustafayev Fariz oğlu gətirilib.
Samir Mustafayev eyni zamanda problemli borcların idarə edilməsi üzrə ixtisaslaşmış “BOA Agency” ASC-nin direktorudur. Hər iki şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi 36D-də yerləşir.
Samir Mustafayev 2011-ci ilin dekabrından “BOA Agency”yə rəhbərlik edir. Bundan əvvəl 2004–2011-ci illərdə “Thames Insurance Group”un İdarə Heyətinin sədri, 1997–2004-cü illərdə “Yeni Tex” MMC-nin baş direktoru, 1995–1997-ci illərdə isə Dövlət Yol Fondunda mütəxəssis vəzifəsində çalışıb. O, Azərbaycan Memarlıq və İnşaat Universitetində avtomobil yolları və aerodromların tikintisi ixtisası üzrə ali təhsil alıb.
“BOA Agency”nin səhmdarları Rüstəm Hacıyev (40%), İlkin Qəribli (40%) və Ramin Hacıyevdən (20%) ibarətdir. Şirkətin 2026-cı ilin ikinci rübünün sonunda 300 əməkdaşı olub. Bununla belə, “BOA Finance”in təsisçilərinin pay bölgüsü hələ məlum deyil.
Mərkəzi Bankın BOKT-lər üçün müəyyən etdiyi minimum kapital tələbi əvvəlki 300 min manatdan 1 milyon manata yüksəlib. Beləliklə, “BOA Finance” tələb olunan minimum kapitalla yaradılıb.
Qanunvericiliyə əsasən, BOKT-lərin kredit verməsi üçün Mərkəzi Bankın lisenziyası tələb olunur. Lisenziya müraciətinə 30 gün müddətində baxılır.
Mərkəzi Bankın son lisenziya verdiyi təşkilatlardan biri “Hermes BOKT” MMC-dir. Təşkilat 12 noyabr 2026-cı ildə BKT-52 nömrəli lisenziya alıb.











