Rəsmi

Orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxslərə çevriləcək - QƏRAR

Nazirlər Kabineti “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” qərara dəyişiklik edib.

"ENA" xəbər verir ki, baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən “Dövlət və bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiqlənib. 

Qərara əsasən orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxslərə çevriləcək. “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 14 yanvar tarixli qərarın 1-ci hissəsi ("Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi" -1 nömrəli əlavə) ləğv olunub.

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla) publik hüquqi şəxslərə çevrilmə şəklində yenidən təşkili barədə təkliflərini bir ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları həmçinin qərarın 3.1-ci bəndində nəzərdə tutulmuş yenidən təşkiletmə barədə qərar qəbul edildiyi tarixdən iki ay müddətində bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Nümunəvi Nizamnamədən irəli gələrək tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla) nizamnamələrini təsdiq etmək, qərarın 3.2-ci bəndində nəzərdə tutulmuş nizamnamələr təsdiq edildikdən sonra tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna uyğun olaraq zəruri hərəkətləri beş gün müddətində etmələrini təmin etməlidirlər.

Dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin publik hüquqi şəxslərə çevrilmə şəklində yenidən təşkili barədə təkliflərini bir ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə həmçinin qərarın 5.1-ci bəndində nəzərdə tutulmuş yenidən təşkiletmə barədə qərar qəbul edildiyi tarixdən bir ay müddətində bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Nümunəvi Nizamnamədən irəli gələrək tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin nizamnamələrinin təsdiq edilməsi barədə təkliflərini hazırlayıb Təhsil Nazirliyinə təqdim etmək, bu Qərarın 5.2-ci bəndində nəzərdə tutulmuş nizamnamələr təsdiq edildikdən sonra tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna uyğun olaraq zəruri hərəkətləri beş gün müddətində etmələrini təmin etmək tapşırılıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department