Azərbaycan-Türkiyə biznes-forumu keçirilib
Bu gün Hilton mehmanxanasında Azərbaycan-Türkiyə biznes-forumu keçirildi. Forumun təşkilatçısı Azərbaycan Sahibkarlar Konfederasiyası və Mersin Ticarət və Sənaye Palatası idi.
Tədbiri Mersin Bölgə müdiri Altan Arslan açaraq Azərbaycanda iş qurmaqda maraqlı olduqlarını və investisiya layihələrinə hər iki ölkənin açıq olduğunu vurğuladı.
ASK-nın vitse-prezidenti Vüqar Zeynalov çıxışında Azərbaycanda iqtisadi islahatların müsbət nəticələr verdiyini qeyd etdi. Sahibkarların qeydiyyatının sadələşdiyini, vergi və gömrük proseslərinin daha rahat olduğunu bildirdi. "Mən 24 ildir ki iş adamıyam və son 2 ildə ən böyük dəyişikliklərin şahidiyəm", deyən V.Zeynalov Mersindən olan iş adamlarını Azərbaycanda biznes qurmağa dəvət etdi.
Mersin Ticarət və Sənaye Palatasının prezidenti Ayhan Kızıltan iş adamlarını maraqlandıran sahələrə toxundu və hər bir mövzu üzrə kömək göstərməyə hazır olduğunu vurğuladı. Rəsmi hissədən sonra şirkətlər təkbətək görüşlər keçirdilər.