Azərbaycan Belarusdan yeni silahlar alacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 6-da Azərbaycanda rəsmi səfərdə olan Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Müdafiə nazirinin birinci müavini general-mayor Oleq Belokonev ilə görüşüb.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "BI"yə verilən məlumata görə, görüşdə Azərbaycan ilə Belarus arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində birgə fəaliyyətin nəticələrindən məmnunluq ifadə edilərək bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər Belarusun hərbi-sənaye kompleksi müəssisələrinin istehsal etdiyi bütün qoşun növləri üçün nəzərdə tutulan müxtəlif təyinatlı hərbi məhsulların Azərbaycan Ordusunun silahlanmasına qəbul edilməsini müsbət qiymətləndiriblər.
Görüşdə iki ölkə arasında hərbi-texniki əməkdaşlığın geniş spektri müzakirə edilərək Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönələn yeni böyük layihələrin həyata keçirilməsi istiqamətləri müəyyənləşdirilib.