Sosial iqtisadiyyat

Milli Məclis "xaltura" edir? - Qanunlar düzgün qəbul olunmur

Milli Məclisdə bəzi qanunlar 3 oxunuşla qəbul edilməli oduğu halda parlament onlarv birdəfəə qəbul edir, bununla da “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun müvafiq maddələri pozulur.

"Businessinsider.az" xəbər verir ki, bu barədə tanınmış hüquqşünas, iqtisadi mübahisələr üzrə ixtisaslaşmış ekspert Əkrəm Həsənov bildirib:

Milli Məclis bəzi qanunları Konstitusiyaya zidd şəkildə (üç deyil, bir oxunuşda) qəbul edir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 70.3-cü maddəsində qanun layihəsinin bir oxunuşda baxılmasının meyarları dəqiq təsbit edilib: 1) beynəlxalq müqavilələrin təsdiqi və ləğvi barədə; 2) uyğunlaşdırma məqsədi ilə hazırlanmış; 3) ad və digər texniki xarakter daşıyan dəyişiklikləri (müddət, məbləğ, yaş senzi ilə bağlı, həmçinin subyektlərin hüquqi vəziyyətinə təsir edən, hüquq məsuliyyətini yaradan və ya aradan qaldıran, yüngülləşdirən və ya ağırlaşdıran dəyişikliklər istisna olmaqla) nəzərdə tutan. Digər qanun layihələrinə, həmçinin Konstitusiya qanunu layihələrinə isə 3 oxunuşda baxılmalıdır.

Buna baxmayaraq, təkcə cari ildə (əvvəlki illəri də təhlil etmək lazımdır) Milli Məclis bu meyarlara cavab verməyən azı 16 qanun layihəsini (onlar artıq qanundur) qəbul etmişdir. Həmin qanunların ikisi ümumiyyətlə yeni qanundur, digərləri isə müddət və ya məbləğlə bağlı, yaxud da subyektlərin hüquqi vəziyyətinə təsir edən dəyişiklikləri ehtiva edir. Bu qanunlara yalnız bir oxunuşda baxılması Milli Məclisin internet saytının “Gündəlik” bölməsindən görünür (http://www.meclis.gov.az/?/az/diary/). Beləliklə, parlamentin sözügedən təcrübəsi hüquqi dövlət və qanunçuluq prinsiplərinə ziddir, qanunvericiliyin legitimliyini və qanunvericilik hakimiyyətinə etimadı sarsıdır.

Eləcə də bax: ​Bu qanunlar dəyişir - SİYAHI


Sözügedən qanunlar bunlardır:
1. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” – 1 fevral 2019-cu il, № 1474-VQD;
2. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” – 12 fevral 2019-cu il, № 1502-VQD;
3. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” – 12 fevral 2019-cu il, № 1503-VQD;
4. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” – 19 fevral 2019-cu il, № 1514-VQD;
5. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” – 19 fevral 2019-cu il, № 1515-VQD;
6. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” – 5 mart 2019-cu il, № 1525-VQD;
7. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” – 5 mart 2019-cu il, № 1526-VQD;
8. “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” – 5 mart 2019-cu il, № 1527-VQ;
9. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” – 5 mart 2019-cu il, № 1528-VQD;
10. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” – 29 mart 2019-cu il, № 1542-VQD;
11. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” – 29 mart 2019-cu il, № 1543-VQD;
12. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” – 29 mart 2019-cu il, № 1544-VQD;
13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” – 29 mart 2019-cu il, № 1545-VQD;
14. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” – 29 mart 2019-cu il, № 1550-VQD;
15. “Mediasiya haqqında” – 29 mart 2019-cu il, № 1555-VQ;
16. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” – 23 aprel 2019-cu il, № 1569-VQD.

Göründüyü kimi, sadalanan qanunlar çox mühüm məsələləri ehtiva edir. Məsələn, 2-3-cü qanunlar Maliyyə Bazarlarına Nəzarət Palatasının yoxlama səlahiyyətlərini tənzimləyir (qanunlar qeyri-legitim olduğu üçün belə çıxır ki, Palatanın müvafiq səlahiyyətləri əslində mövcud deyil). 4-cü qanun isə əmanətlərin tam sığortalanması müddətinin 1 il də uzadılması ilə bağlıdır (qanun qeyri-legitim olduğu üçün belə çıxır ki, müddət əslində uzadılmayıb). Və s. və i.a. Yəni bütün bu qanunlar maraqlarına toxunan şəxslər tərəfindən Konstitusya Məhkəməsində mübahisələndirilə bilər!

Misal kimi sonuncu Qanunun (“Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”) üzərində dayanaq. Milli Məclisin internet saytından (http://www.meclis.gov.az/?/az/diary/323) görünür ki, 23 aprel 2019-cu il tarixində Milli Məclisin gündəliyində 19 məsələ olmuşdur ki, onlardan 18-i qanun layihələri idi. Həmin 18 layihənin biri birinci oxunuşda, on ikisi ikinci oxunuşda, beşi isə yeganə (birinci) oxunuşda qəbul edilməli idi. Milli Məclisin saytında 23 aprel tarixli iclasın yekunları haqda məlumatda (http://www.meclis.gov.az/?/az/news/view/4388/) deyilir: “Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Müflisləşmə və iflas haqqında” qanunda edilən dəyişikliyi ətraflı şərh etdi. Parlament qanunu qəbul etdi”. Yəni yeganə (birinci) oxunuşda. Həmin Qanun 29 aprel 2019-cu il tarixində artıq dərc edilmiş və sanki qüvvəyə minmişdir. Əslində isə qanun pozuntusu ilə qəbul edilmiş qanun legitim deyil və qüvvəyə minmiş hesab edilə bilməz.

Belə ki, həmin layihədə nəinki 11 müddət nəzərdə tutulmuşdur (2-ci, 5-ci və s. maddələrdə), həmçinin subyektlərin hüquqi vəziyyətinə təsir edən dəyişikliklər mövcuddur. Məsələn, 1-ci maddədə deyilir: “2-ci maddənin 2-ci hissəsinin dördüncü abzasında “fiziki və hüquqi şəxslərə” sözləri “müəssisəyə və fərdi borcluya” sözləri ilə əvəz edilsin”. Yəni “Müflisləşmə və iflas haqqında” Qanunun artıq fiziki şəxslərə şamil olunmaması nəzərdə tutulub. Bu barədə həftənin əvvəlində yazmışdım (https://www.facebook.com/akram.hasanov.5/posts/10217866210623516). O zaman düşünürdüm ki, qanun hələlik yalnız birinci oxunuşda qəbul edilib. Amma elə həmin gün axşam qanun artıq dərc edildi.

Qeyd edilənləri nəzərə alaraq, möhtərəm Prezidentimizə və Milli Məclisin sədrinə müraciət edərək (birincini dərc edirəm) aşağıdakıları xahiş etmişəm:
1. Milli Məclisin qanunsuz təcrübəsinə son qoyulması və indiyədək yol verilmiş pozuntuların aradan qaldırılması üçün tədbirlər görülsün.
2. Fiziki şəxslərin müflisləşməsi hüququ tanınsın və bunun proseduru qanunda ətraflı təsbit edilsin.

P.S. Əlavə tədbir kimi deputatların maaşını da kəsmək olar. Çünki işlərinə səhlənkar yanaşırlar!




 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)