Türkiyəyə turpaketlərin qiymətləri - BAHALAŞIB
Azərbaycanda bu yay turizm mövsümü üçün Türkiyəyə turpaketlərin qiymətləri ötən yayla müqayisədə bahalaşıb.
Bunu Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, artıma Türkiyə istiqamətinə marağın artması və bunun nəticəsi olaraq, Türkiyə hotellərində otaq nömrələrinin qiymətlərinin bahalaşması səbəb olub:
“Bu il Türkiyəyə Rusiya, Ukrayna və s. istiqamətlərdən güclü turist axının olacağı gözlənilir. Bu axınla əlaqədar artıq Türkiyənin bəzi hotellərində yay mövsümü üçün yer qalmayıb. Hotellərdə otaq sayı məhdud olduğu üçün qiymətlər bahalaşdırılıb”.
N.Bağırov Türkiyə hotellərində qiymətlərin 5-15 faiz civarında artdığını söyləyib. O, əsas artımın Türkiyənin Egey dənizi sahillərindəki kurort ərazilərində - Bodrum və Antalyadakı hotellərdə qeydə alındığını əlavə edib.
Assosiasiya sədri, Türkiyənin Azərbaycan turistlərinin yay mövsümü ərzində ən çox səfər etdikləri ölkə olduğunu da xatırladıb.
Qeyd edək ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, 2018-ci ildə Türkiyəyə 858,5 min Azərbaycan turisti səfər edib. Bu da 2017-ci illə müqayisədə 12,15 faiz çoxdur. Ötən il ərzində Türkiyəyə səfər edən turistlərin 2,17 faizini azərbaycanlılar təşkil edib.