Bank

"Xalq Bank" Mərkəzi Bankda saxladığı pulun həcmini 256 milyon azaltdı: Hesabat

"Xalq Bank" 2019-ci ilin birinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

Stabil maliyyə vəziyyəti ilə seçilən "Xalq Bank"ın bu ilin birinci rübü üzrə vəziyyətində diqqətçəkən məqamlar illik  nağd vəsaitlərinin azalması, paralel kredit portfelinin yüksək artımı və daşınmaz əmlakının  25 milyon manat dəyərində artmasıdır. 

Aktivləri artıb

"Businessinsider.az" Bankın balans hesabatına əsasən xəbər verir ki, 31 Mart 2019-cu il tarixində aktivlərinin həcmi 2 milyard 214 milyon manat olub. Aktivlərin 1 milyard 458 milyon manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Bu isə o deməkdir ki, aktivlərin 65%-i kredit portfelinə yönəldilib və bu Azərbaycan bankları arasında yüksək göstəricilərdən biridir. Təkcə bu ilin 3 ayında kreditlərin həcmi 75 milyon 843 min manat artıb. 

Aktivlərin tərkibinə baxsaq, bankın vəsaitlərində passiv kütlə azalıb. Belə ki, 2018-ci il aprelin 1-nə olan məlumata görə, "Xalq Bank" vəsaitlərinin 287 milyon manatı Mərkəzi Bankdakı müxbir hesabda saxlayırdı. 2019-cu ilin birinci rübü üzrə bu vəsaitlərin həcmi 256 milyon manata azalaraq 31 milyon manata düşüb. Eyni zamanda nağd vəsaitlərin həcmi illik müqayisədə 11 milyon manat azalıb. Əvəzində bank öz vəsaitlərini başqa banklarda depozit kimi yerləşdirib və bundan faiz əldə edib.

Ötən bir ildə başqa maliyyə qurumlarında yerləşdirdiyin pulun həcmi 105 milyon manat artaraq, ümumilikdə 228 milyon manata çatıb. "Xalq Bank" qiymətli kağızlara yatırımlarını artıraraq 268 milyon manata yüksəldib. Bank işində istifadə olunmayan daşınmaz əmlakının dəyəri isə artaraq 40 milyon 934 min manat olub. 

Öhdəlikləri azalıb

Bankın öhdəlikləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4% azalaraq 1 milyard 931 milyon 529 min manat olub. Bankın depozit portfeli illik müqayisədə 49 milyon manat azalaraq 1 milyard 440 milyon 814 min manatdır. 


31.03.2019-cu il tarixində "Xalq Bank" 281 milyon 397 min manat məcmu kapitala malik olub. Halbuki, ötən ilin eyni dövründə bu rəqəm 266 milyon 843 min manat təşkil edirdi. 

Mənfəəti azalıb

"Xalq Bank" 2019-cu ilin 1-ci rübünü 7 milyon 199 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 323 min manat azdır.
 
"BI" Bankın maliyyə hesabatına əsasən, 2019-cu ilin yanvar-mart dövründə "Xalq Bank"ın cəmi gəlirləri 30 milyon 121 min manat, cəmi xərcləri 20 milyon 212 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 9 milyon 910 min manat əməliyyat mənfəəti formalaşıb. Əməliyyat mənfəətinin 1 milyon 58 min manatı ehtimal olunan depozit və kredit itkiləri üçün ehtiyata ayrıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 dəfə azdır.
 
2019-cu ilin ilk rübündə "Xalq Bank"ın cəmi gəlirləri az dəyişsə də, cəmi xərcləri, faiz borcları üzrə yaradılmış məqsədli ehtiyat xərclərinə 3 milyon 3 min manat və qeyri-faiz xərclərinin 2 milyon 884 min manat artdığına görə 5 milyon 890 min manat və ya 41% yüksəlib. Cəmi xərclərin artması əməliyyat mənfəətini azaldıb. 2018-ci ilin birinci rübü ilə müqayisədə 2019-cu ilin birinci  rübündə "Xalq Bank"ın qeyri-faiz xərcləri 34% artaraq 11 milyon 439 min manata çatıb.

"Xalq Bank2  2019-cu ilin 1-ci rübünü 7 milyon 199 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 323 min manat azdır. Eyni zamanda, "Xalq Bank" ehtiyatlara ayırmanı kəskin azaldıb və ötən ilin ilk rübündən fərqli olaraq 1 milyon 751 min manat mənfəət vergisi ödəyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department