TuranBank beynəlxalq əməkdaşlıq çərçivəsində gender bərabərliyinə dair strateji layihəni yekunlaşdırdı
®Ölkənin aparıcı banklarından biri olan TuranBank maliyyə sektorunda gender bərabərliyinin təşviqinə hədəflənmiş strateji layihəni uğurla yekunlaşdırıb. Layihə FINMA tərəfindən tənzimlənən aparıcı İsveçrə fondu Enabling Qapital və ABŞ-ın Kolumbiya Universitetinin Beynəlxalq və İctimai Əlaqələr Məktəbi (School of International and Public Affairs) arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində həyata keçirilib. Tədqiqat və praktiki yanaşmaları özündə birləşdirən layihənin əsas məqsədi maliyyə sektorunda daha inklüziv yanaşmaların təşviqinə töhfə vermək olub.
Layihə çərçivəsində Enabling Qapital-ın dəstəyi ilə Kolumbiya Universitetinin altı magistr tələbəsi Azərbaycana səfər edərək TuranBank-da praktiki araşdırma aparıblar. Səfər zamanı tələbələr Bankın baş ofisi və filiallarında çalışan əməkdaşlar, o cümlədən rəhbər vəzifələrdə təmsil olunan qadınlarla görüşərək, qadınların idarəetmədə rolu və iş mühitində gender bərabərliyi prinsiplərinin tətbiqi ilə yaxından tanış olublar. Eyni zamanda, Bankın qadın sahibkarların dəstəklənməsi, onların əlverişli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və iqtisadi fəallığının artırılması istiqamətində həyata keçirdiyi təşəbbüslər müzakirə olunub.
Layihənin yekununda təşkil olunan təqdimatda TuranBank-ın gender bərabərliyi sahəsində həyata keçirdiyi təşəbbüslər, əldə olunan nəticələr və gələcək inkişaf istiqamətləri Bankın İdarə Heyətinin üzvləri ilə ətraflı müzakirə edilib. Tədbirdə bu sahədə fəaliyyətin daha da gücləndirilməsinə xidmət edəcək konkret fəaliyyət planı təqdim olunub. Plan çərçivəsində maarifləndirmə proqramlarının təşkili, mentorluq təşəbbüslərinin genişləndirilməsi, eləcə də gender əsaslı ayrı-seçkiliyin qarşısının alınmasına yönəlmiş hüquqi mexanizmlərin təkmilləşdirilməsi nəzərdə tutulur.
TuranBank fəaliyyətinin bütün istiqamətlərində gender bərabərliyi prinsiplərinə sadiq olduğunu bir daha vurğulayır və beynəlxalq tərəfdaşlarla həyata keçirilən bu kimi layihələrin Azərbaycanda qadınların iqtisadi fəallığının və sahibkarlıq fəaliyyətində iştirakının daha da artmasına mühüm töhfə verəcəyinə inanır.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi yeni xidmətlə bağlı ətraflı məlumatı rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.















