Azərbaycanda iqtisadiyyatın kölgəsi - TƏHLİL
Rəsmi statistikadan, fiskal xidmətlərin nəzarətindən və dövlət büdcəsinə ödənişlərdən kənar dövr edən çoxmilyonluq maliyyə axınları… Bu gün dünyada kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsinə baxmayaraq, onun həcmi getdikcə böyüyür. Azərbaycanda da kölgə iqtisadiyyatının mövcudluğu inkar edilmir: qeyri-rəsmi dövriyyənin ümumi iqtisadiyyatdakı payı təhlükəli səviyyəyə çatmasa da, dövlətin ciddi narahatlığına səbəb olur.
Hökumətdən bildirildiyinə görə, vergi və sosial sahələrdə yeni genişmiqyaslı islahatlar bizneslə şəffaf münasibətlərin qurulmasına və onların dövlət büdcəsi qarşısında öhdəliklərini könüllü şəkildə yerinə yetirməsini stimullaşdırmağa yönəlib.
Ağ vərəqdən başlamaq
Azərbaycanda kölgə iqtisadiyyatının mümkün həcmlərini təsəvvür etmək üçün bir neçə rəqəmə nəzər salaq (dəqiq göstəricilər, əlbəttə ki, yoxdur). Yalnız ötən il Vergilər Nazirliyi iri topdansatış müəssisələrində, supermarket şəbəkələrində və özəl klinikalarda, təxminən, 1,3 milyard manatlıq dövriyyənin azaldılması faktlarını üzə çıxarıb. Özü də, vergidən gizlədilən dövriyyənin böyük hissəsi - 0,9 milyard manatı topdansatış şəbəkəsinin payına düşürdü. Bu, yalnız özəl sektorun bir sıra sahələri üzrə aşkarlanan məlumatdır. Buna sosial sığorta sistemindən yayındırılan milyonlarla manatlıq "gizli" əməkhaqlarını və çoxsaylı qaçaqmalçılıq hallarını da əlavə etsək, həqiqətən, təcili tədbir görülməsini tələb edən bir vəziyyət yaranır.
Vergilər naziri Mikayıl Cabbarovun sözlərinə görə, kölgə iqtisadiyyatına qarşı mübarizə 2019-cu il üçün əsas təxirəsalınmaz vəzifədir və bütün maliyyə xidmətləri bunun üçün birgə işləyəcək. "Biz bizneslə əlaqələri üfüqi müstəvidə qurmağı, hər şeyi ağ vərəqdən başlamağı düşünürük. Hələ ki, rəylər müsbətdir, buna görə də biz doğru yolda olduğumuzu düşünürük", - deyə nazir bildirib.
İlk növbədə, burada ədalətli olmaq lazımdır - əgər sahibkar rəqiblərinə münasibətdə fiskal xidmətlərin "himayəsini" görürsə, əlbəttə, ondan etibar və dürüst münasibət gözləmək mümkün deyil. Yəni bəzən elə bir vəziyyət ortaya çıxır ki, vicdanla çalışan bir iş adamı «kölgə»də işləyən rəqibinin qarşısında bazar mövqeyini itirir. Bu, iş adamlarının kütləvi şəkildə qeyri-leqal fəaliyyətə keçməsinə gətirib çıxarır, o böyüyür və bütün ölkənin iqtisadi inkişafı üçün təhlükəyə çevrilir.
Vergilər Naziri qeyd edib ki, keçən il başlayan fiskal islahatlar məhz bu mənfi məqamları aradan qaldırmaq üçün nəzərdə tutulub. "Biz sahibkarlara uçot sistemini bərpa etmək üçün vaxt vermişik, bəzi sektorlarda nəzarəti gücləndirmək lazım gəldi. İlk nəticələr var – uçota alınmış dövriyyənin həcmi, uyğun olaraq vergi gəlirləri, eləcə də muzdlu işçilərin sayı artıb. Əgər bazarda əsas satıcı və alıcılar arasında əqdlərin rəsmi sənədləşdirmə sistemini tam qurmağı bacara bilsək, iqtisadiyyatı "ağartmaq" prosesi onun kulminasiya nöqtəsi olacaq", - deyə nazir M.Cabbarov vurğulayıb.
Bildirmək gərəkdir ki, vergi orqanları vergidən yayınmağın müxtəlif sxemləri ilə üzləşirlər - bu, biznesin parçalanması, bir günlük şirkətlərin yaradılması və s. ilə edilir. Bütün bunlarla mübarizə aparmaq asan deyil, açıq-aydın narazılıqları və müqaviməti aşmaq lazım gəlir. Prosesin müvəqqəti olduğuna ümid edən, gözləmə mövqeyi tutmağa üstünlük verən sahibkarlar da var. "Bulanıq suda balıq tutmaq dövrü bitdi. Biznes münasibətlərin şəffaflığı məsələsində geriyə dönüş yoxdur. Nümunəvi vergi ödəyiciləri ayrıca bir münasibətə layiqdirlər, onlar qanuni güzəştlərdən istifadə edə bilərlər və bu, haqsız rəqabətin qarşısını alar, qanun çərçivəsində işləməyi daha sərfəli edər", - deyə M.Cabbarov bildirib.
Daha bir amnistiya
Bildirmək gərəkdir ki, beynəlxalq maliyyə qurumları da Azərbaycan hökumətinin vergi yükünü artırmadan kölgə iqtisadiyyatını "gün üzünə" çıxırmaq istəyini dəstəkləyir. Dünya Bankının nümayəndəliyinin rəhbəri Navid Həsən Naqvi bildirir ki, keçən il vergi gəlirləri Azərbaycan ümumi daxili məhsulunun (ÜDM) 14%-ni təşkil edib ki, bu, iqtisadiyyatı təbii resurslardan əldə edilən gəlirlərə əsaslanan digər ölkələrlə müqayisədə orta göstərici hesab olunur. "Amma bu rəqəmi oxşar bir tarixi yoldan və institusional quruluşdan keçmiş ölkələrlə müqayisə etdikdə Azərbaycanda böyük dəyişikliklər olduğu göz qabağındadır. Əgər gizli iqtisadiyyatın aradan qaldırılması üzrə səylərini davam etdirirsə, nəticələr daha səmərəli olacaq ", - deyə N.Naqvi bildirib.
Öz növbəsində, hökumət vergi ödəyicilərinin hüquqlarını qorumaq üzrə işlərin gücləndiriləcəyi barədə planlarını açıqlayır, bunun üçün ayrıca vergi ombudsmanı institutu yaradılacaq, bu da öz növbəsində vergi orqanlarının qəbul etdikləri qərarlar üçün daşıdıqları məsuliyyəti artıracaq.
Eyni zamanda dünya təcrübəsində iqtisadiyyatı "ağartmaq" üçün başqa bir alət - vergi amnistiyası çox populyardır. Bu yaxınlarda - 2017-ci ildə Azərbaycanda oxşar tədbir artıq tətbiq olunub – vergi borcları üçün nəzərdə tutulan faizlər və maliyyə sanksiyalarının bir hissəsi ləğv edilib. Vergilər Nazirliyi qismən vergi amnistiyası haqqında qanun çərçivəsində 72 min vergi ödəyicisinin 743 milyon manatdan çox faiz və maliyyə sanksiyaları borcunu silib.
Ancaq sahibkarlar hesab edir ki, prosesi davam etdirmək və genişləndirmək mümkündür. Belə ki, Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) prezidenti Nuran Kərimovun sözlərinə görə, bu, xüsusilə müəssisələrin qeydiyyatı və aktivlərin açıqlanması məsələsində böyük töhfə verə bilər.
Aydın olub ki, bu məsələ Vergilər Nazirliyinin gündəliyindədir, lakin hələ ki, xarici təcrübənin öyrənilməsi gedir, çünki bu addımın nəticələrinin uğurlu və uğursuz nümunələri var.
Ümumiyyətlə, vergi dəyişikliyi bu il yetərincədir. Daha əvvəl bildirildiyi kimi, 1 yanvar 2019-cu ildən Azərbaycanda Vergi Məcəlləsinə vergi qanunvericiliyini önəmli dəyişdirən 240 dəyişiklik qüvvəyə minib. İndiyə qədər vergi ödəyicilərinin heç də hamısı onları anlayıb uyğunlaşmağı bacarmayıb, halbuki vergini ödəmək və ona görə hesabat vermək lazımdır. Bütün bunlar həm də biznes-dövlət münasibətlərində narahatlıq yaradır. Buna görə sahibkarlar haqlı olaraq fiskal qurumdan belə miqyaslı dəyişikliklərin öncədən açıqlanmasını xahiş edirlər.
"Parlament dəyişiklikləri 2018-ci il 30 noyabr tarixində qəbul edib, onlar 2018-ci il dekabrın 20-də təsdiq edilib və 2019-cu il yanvarın 1-dən qüvvəyə minib. Bu, çox qısa müddətdir və biznes dəyişikliklərə vaxtında uyğunlaşa bilmir".
Sərmayə cəlbediciliyi
Yeri gəlmişkən, bu iş dəyişikliklər toplusundan biznesin mənimsəməsi üçün ən asanı muzdlu özəl sektor işçiləri üçün fiziki şəxslərin gəlir vergisinin ləğvidir (neft-qaz sektoru istisnadır). Bunun sayəsində 2019-cu ilin ilk aylarında bağlanmış əmək müqavilələrinin sayı önəmli dərəcədə artıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, yalnız yanvar ayında, təxminən, 20 min yeni əmək müqaviləsi bağlanıb.
"Bu göstəricilər gündəlik dəyişir. Hər gün yeni müqavilələr əlavə edilir və köhnə müqavilələr ləğv edilir. Ümumiyyətlə, biz hesab edirik ki, minimum əməkhaqqının artımı və özəl sektorda güzəştlərin tətbiqi, məşğulluq sisteminin əhatə dairəsinin genişləndirilməsi və bir çox digər alətlərin tətbiqi həm əmək bazarının leqallaşdırılmasında, həm də əmək müqavilələrinin sayının artırılmasında mühüm rol oynayır", - deyə S.Babayev bildirib.
Əmək münasibətlərinin leqallaşdırılması iqtisadiyyatın "ağardılması" məsələsində daha bir mühüm alətdir. Son nəticədə bütün islahatların məqsədi ölkədə sahibkarlıq fəaliyyətini asanlaşdırmaq, bütün biznes subyektləri üçün bərabər və əlverişli şərait yaratmaqdır. Bu təqdirdə son illərdə iqtisadiyyatın investisiya cəlbediciliyinin artırılması üçün edilən cəhdlərin nəticələri daha aydın özünü göstərəcək. Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, aparılan islahatlar nəticəsində 2018-ci ilin nəticələrinə görə, ÜDM-in özəl sektorun payı 84%-ə, məşğulluqda özəl sektorun payı isə 76%-ə çatıb. Vergi islahatları məhz bu göstəricinin artmasına kömək edib.
"Avropa Birliyi tərəfindən bu yaxınlarda Azərbaycanda biznes mühitin qiymətləndirilməsi üzrə keçirilmiş sorğuya görə, "Azərbaycana sərmayə yatırırsınızmı?" sualına respondentlərin 66%-i müsbət cavab verib. Eyni zamanda rəyi soruşulanların 89%-i yaxın 1-2 il ərzində Azərbaycanda öz fəaliyyətlərini genişləndirmək və ya sabit səviyyədə qorumaq planlarından danışıblar",- deyə İqtisadiyyat Nazirliyinin rəhbəri qeyd edib.
Yəni istənilən vergi dəyişikliyi iqtisadiyyata "zəncirvari" təsir göstərir, onu ya çiçəklənməyə, ya da «quraqlığa» doğru aparır. "Kölgədən" çıxarma isə, şübhəsiz, ölkənin iqtisadi potensialının gücləndirilməsinə, ÜDM-in önəmli dərəcədə artmasına və dövlət büdcəsinin imkanlarının böyüməsinə gətirəcək