Hadisə

"Azercell" İcra Hakimiyyətini məhkəməyə verib

“Azercell Telekom” MMC 468 manat borca görə Tərtər Rayon İcra Hakimiyyətini məhkəməyə verib.

"BI"nin verdiyi xəbərə görə, şirkətin dövlət qurumuna qarşı iddiasına Gəncə İnzibati-İqtisadi Məhkəməsində baxılıb.

İddiaya görə, “Azercell” ilə Tərtər Rayon İcra Hakimiyyəti arasında abunə müqaviləsi bağlanıb, müqavilə şərtlərinə görə borcluya 050254**00 nömrəsi hər ay abunə müqaviləsində nəzərdə tutulmuş qaydada ödəniş etmək şərti ilə verilib. 

Bu borc 25.11.2016-cı il tarixdən-19.12.2016-cı il tarixə kimi hesablanıb.

Tərtər İH-nin nümayəndəsi Çingiz İsayev məhkəmədə çıxış edərək bildiib ki, 468.88 manat borc yaranması həqiqətə uyğun deyil: “Azercell Telekom” MMC-nin nümayəndəsi Tərtər Rayon İcra Hakimiyyətinə gələrək işçilərə bir neçə mobil telefon verib və həmin mobil telefonla danışığa görə pul tutulacağı bildirilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı bu telefondan istifadə etməyib və təbii ki, belə olan halda telefondan istifadəyə görə hər hansı bir borc, o cümlədən 468.88 manat borc yarana bilməz və bu mümkün deyil.

Məhz bu səbəbdən də ərizədə Tərtər Rayon İcra Hakimiyyətinin başçısının telefon danışıqlarını əks etdirən hər hansı bir sənədin mövcud olması göstərilməyib. Əgər bu borc Tərtər Rayon İcra Hakimiyyətinin işçilərinin ümumi borcu kimi qeyd olunubsa, bu da qanunsuzdur, çünki bu borc fərdi öhdəliyə əsaslanmalıdır. Ona görə də, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir”.

Hakim Aygül İsgəndərova belə hesab edib ki, Tərtər Rayon İcra Hakimiyyəti 25.11.2016-cı il tarixdən 19.12.2016-cı il tarixədək 50254**00 mobil nömrədən istifadə edib və həmin dövrün abunə haqqı 494.684 (dörd yüz doxsan dörd manat, altmış səkkiz qəpik) manat təşkil edib.

Tərtər Rayon İcra Hakimiyyətinin “Azercell Telekom” MMC-yə ünvanlandığı məktubların surətlərindən görünür ki, Tərtər RİH-nin adına məxsus olan bütün nömrələrin “Region 1” tarif paketinə keçirilməsi və Tərtər RİH-ə məxsus 050-254-**-00 nömrəsinin 2016-cı il dekabr ayı üçün izahlı fakturasını başçısının müavini, Cavadov Abbas Yusif oğluna təqdim edilməsi xahiş olunub.

Məhkəmə qərar qəbul edib ki, Tərtər Rayon İcra Hakimiyyətindən 468 manat 88 qəpik borc məbləği və 20 manat dövlət rüsumu tutularaq iddiaçı “AzercellTelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)