Standartlaşdırma haqqında qanunun yeni redaksiyada qəbul edilməsi planlaşdırılır
Azərbaycanda “Standartlaşdırma haqqında” yeni qanunun qəbul edilməsi planlaşdırılır.
Qanun layihəsi bu gün parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub.
Qanun layihəsi 6 fəsil və 27 maddədən ibarətdir. Sənəd standartlaşdırmanın məqsəd və prinsiplərini, standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, qəbulu və tətbiqini, bu sahədə fəaliyyətin maliyyələşdirilməsi mənbələri və digər məsələləri müəyyən edir.
Layihəyə əsasən, dövlət standartlarının hazırlanması ilə bağlı işlər üçillik Milli Standartlaşdırma Proqramı əsasında planlaşdırılacaq. Proqram milli standartlaşdırma orqanı tərəfindən hazırlanmalı, təsdiqlənməli və dərc edilməlidir.
Layihədə dövlət standartlarının AZS nişanı ilə markalanacağı qeyd olunur.
Qanun Milli Məclisin plenar iclasında qəbul olunacağı təqdirdə dərc olunduqdan 90 gün sonra qüvvəyə minəcək.