"Azərbaycanda turizm klasterləri yaradılacaq"
"Bu gün ölkələr turist axınının cəlb edilməsi uğurunda ciddi mübarizə aparırlar. Bu, əsasən, gəlir əldə etmək, məşğulluq yaratmaq və ölkəyə valyuta gətirmək kimi iqtisadi prioritetlərə söykənir. Bu baxımdan, ölkəmizdə turizm sektoruna dövlət səviyyəsində mühüm diqqət yetirilir".
"BI"nin məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün Bakıda keçirilən 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2019” Sərgisinin açılışı zamanı çıxışında bildirib.
Onun sözlərinə görə, müasir dövrdə iqtisadiyyatın bütün sektorlarında rəqabət qaydaları əvvəlki dövrlərdən fundamental dərəcədə fərqlənir: “Belə bir şəraitdə turizm sənayesinin iştirakçıları qlobal rəqabətə davam gətirmək üçün yeni çağırışlar və tələblər ilə ayaqlaşmalıdır”.
O.Məmmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açır: “Son illərdə ölkəmizin turizm potensialının beynəlxalq aləmdə təbliği, turistlərin Azərbaycana cəlb edilməsi, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması və viza rejiminin sadələşdirilməsi sahəsində məqsədyönlü işlər görülüb”.
KOBİA-nın rəhbəri vurğulayıb ki, turizm sahəsində sahibkarlığın inkişaf etdirilməsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyət dairəsinə daxil olan istiqamətlərdən biri hesab olunur: “Biznes subyektləri üçün nəzərdə tutulan dəstək mexanizmləri çərçivəsində sözügedən sektorun iştirakçılarının bu sahəyə geniş cəlb edilməsi, turizm klasterləşməsinin təşviqi prioritet hədəflərimizdəndir. Əminəm ki, birgə səylərimiz nəticəsində turizm fəaliyyəti üzrə kiçik və orta sahibkarların aktivliyi artacaq, bütövlükdə isə turizm qeyri-neft sektorunda aparıcı sahələrdən birinə çevriləcək”.
Qeyd edək ki, “Bütün dünya. Bir sərgi” şüarı altında keçirilən “AITF 2019” Sərgisinə KOBİA da dəstək göstərir.