Ərdoğanın partiyası Türkiyənin 3 böyük şəhərindən 2-də uduzub
Dünən Türkiyədə Bələdiyyə seçkisi keçirildi.
"BI" xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AK Parti) Milliyətçi Hərəkat Partiyası (MHP) ilə yaratdığı "Cumhur" ittifaqı Türkiyənin 3 böyük şəhərindən 2-də uduzub.
İstanbulda "AK Parti"dən namizəd Binali Yıldırım 48,70%-lə, Ankarada Cümhuriyyət Xalq Partiyasından (CHP) namizəd Mansur Yavaş (50,90%), İzmirdə də CHP-dən Mustafa Tunc Soyer (58,02%) qalib gəlib.
CHP-nin namizədi Ekrem İmamoğlu Binali Yıldırıma cüzi fərqlə uduzub. O İstanbulda seçicilərin səslərinin 48,65%-ni toplayıb.
Qeyd edək ki, Cümhuriyyət Xalq Partiyası (CHP) "İyi Parti" ilə "Millet" ittifaqı quraraq seçkiyə qatılmışdı.
Ümumilikdə, Türkiyə üzrə seçicilərin ən çox səsini "Ak Parti" toplayıb.
Saat 07:00-a olan məlumata görə, qutuların 99,0%-i açılıb:
AK PARTİ 44,42%, CHP 30,07%, İYİ PARTİ, 7,46%, MHP 7,25%, HDP 4,22%, SAADET 2,68%,DSP 0,99%, Müstəqil 0,93%, DP 0,68%, BBP 0,41%, BTP 0,31%, VATAN 0,23%, TKP 0,14%.
Həmçinin səslərin 51.67%-ni "Cumhur" ittifaqı (AK PARTİ, MHP), 37.53%-ni "Millet" ittifaqı (CHP, İYİ PARTİ) toplayıb.
Dünən Rəcəb Tayyib Ərdoğan "balkon çıxışını" edib. Ərdoğan, "Siz qiymətli qardaşlarımdan bir şeyi xahiş edirəm. Əsla küsməyin, üzülməyin… "Biz bu nəticəni gözləmirdik" deməyə ehtiyac yoxdur. Bu seçkinin birinci partiyası "AK Parti"dir. Digərləri düşünsün" deyib.
Türkiyədə bələdiyyələrin təxminən 56%-i "AK Parti" tərəfindən idarə olunacaqdır.