“Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da - YENİLİK
Nazirlər Kabineti “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edib.
"BI" xəbər verir ki, qüvvədə olan Təlimata görə, dövlət notariusları notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumu tuturlar.
Notariuslar sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün, sənədlərdəki imzaların həqiqiliyinin, sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi ilə əlaqədar göstərilən xidmətə (texniki işlərin yerinə yetirilməsinə) görə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğində, əqdlərin və etibarnamələrin təsdiqi ilə əlaqədar göstərilən xidmətə (məsləhətlərin verilməsinə, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrinin tərtib edilməsinə, texniki işlərin yerinə yetirilməsinə) görə isə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğinin 15 faizi miqdarında haqq tuturlar. “Dövlət rüsumu haqqında” qanununa görə notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun ödənilməsindən azadolmalar tətbiq edilən hallarda notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmur. Dövlət rüsumu və haqlar nağd, elektron ödəmə sistemləri, o cümlədən notariat kontorunda olan ödəniş köşkləri və internet vasitəsilə və ya köçürmə yolu ilə ödənilir.
Dəyişikliklər isə xüsusi notariuslar və yeni üsullarla həyata keçiriləcək notarial xidmətlərlə əlaqədar tətbiq ediləcək prosedurlarla bağlıdır. Beləliklə, xüsusi notariuslar tərəfindən notariat hərəkətlərinin aparılmasına görə dövlət notariusları tərəfindən notariat hərəkətlərinin aparılması üçün müəyyənləşdirilmiş dövlət rüsumu miqdarında haqq tutulmalıdır. Notariuslar, həmçinin əqdlərin, etibarnamələrin və sənədlərdəki imzaların həqiqiliyinin ölkə ərazisində real vaxt rejimində videoyazı vasitəsilə rəsmiləşdirilməsinə görə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğində haqq tutacaqlar. Əqdlərin rəsmiləşdirilməsi zamanı tutulmuş məbləğ iştirak edən notariuslar arasında bərabər bölünəcək. Notariuslar etibarnamələrin və sənədlərdəki imzaların həqiqiliyinin xaricdə olan şəxslə videoyazı vasitəsilə həyata keçirilməsinə görə “Dövlət rüsumu haqqında” ilə müəyyən edilmiş dövlət rüsumu məbləğində haqq tutacaqlar. Bu məbləğ notariusun valyuta hesabına ödəniləcək. Notariat hərəkətlərinə görə dövlət notariusu tərəfindən qəbul edilmiş dövlət rüsumu 2 bank günü ərzində dövlət büdcəsinə, haqq isə Ədliyyə Nazirliyinin xüsusi hesabına köçürüləcək. Xüsusi notariuslar tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə haqlar tutulacaq.
Yoxlamanın və ya şikayətin araşdırılmasının nəticəsindən asılı olaraq, xüsusi notarius barəsində intizam icraatı başlanıla bilər, dövlət notariusuna münasibətdə isə “Notariat haqqında” qanuna uyğun olaraq ədliyyə orqanları işçisinin intizam məsuliyyətinə cəlb edilməsi qaydası tətbiq olunacaq. Xüsusi notariusun işçisi tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edildikdə, onun barəsində intizam tədbirlərinin görülməsi, o cümlədən əmək müqaviləsinə xitam verilməsi barədə Ədliyyə Nazirliyinin notariat fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumu notariusa yazılı qaydada göstəriş verəcək. Xüsusi notariusla işçiləri arasında əmək münasibətləri Əmək Məcəlləsi və “Notariat haqqında” qanun ilə tənzimlənəcək.
İndiyə qədər notariat hərəkətləri dövlət notariat kontoru yerləşən və ya xüsusi notarius işləyən binada (otaqda) aparılıb. Dəyişikliyə əsasən, Bundan sonra notariat hərəkətləri notariat ofisində, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və Azərbaycanın konsulluqları yerləşən binada aparılmalıdır. Notariat hərəkətləri qanunvericiliyə əsasən dövlət notariusunun, xüsusi notariusun, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin və ya Azərbaycan konsulluqlarının vəzifəli şəxslərinin müvafiq yerdə aparmalı olduğu hallar (vərəsəlik şəhadətnamələrinin, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələrin verilməsi, mirasın qorunması üçün tədbirlərin görülməsi, icra qeydlərinin aparılması və dəniz protestinin tərtib edilməsi) istisna edilməklə, Azərbaycanın bütün ərazisində aparılacaq. Şəxs notariat ofisinə gəlmədən, əvvəlcədən verilmiş bildiriş (notariat hərəkətlərinin aparılması ilə əlaqədar yazılı və ya elektron müraciət) üzrə dövlət rüsumu və haqlar ödənilməklə, nəqliyyat vasitəsi ilə təmin edildikdən və ya maraqlı şəxs tərəfindən faktiki nəqliyyat xərcləri ödənildikdən sonra notariat hərəkətləri notariat ofisindən kənarda (səyyar qaydada) da aparıla bilər.
Notariat hərəkətlərinin notariat ofisindən kənarda səyyar qaydada aparılması üçün notariuslar müasir avadanlıqla, o cümlədən kompüter, printer, skaner, kamera, portativ enerji ehtiyatı və 4G internet ötürücüsü ilə təchiz olunmuş, ciddi hesabat blanklarının və möhürün təhlükəsiz saxlanılması üçün xüsusi yeri olan, “Elektron notariat” informasiya sisteminə birbaşa qoşulan, 24 saata qədər fasiləsiz işləyən xüsusi çantalardan istifadə etməlidirlər. Xüsusi notarius tərəfindən müraciət edən şəxslərin xahişi ilə onlarla notariat hərəkətlərinin iş vaxtından sonra, istirahət və ya bayram günlərində həm notariat ofisində, həm də ofisdən kənar aparılması qaydası Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilir.
Notariat ofisinə gəlmədən əvvəlcədən verilmiş bildiriş üzrə notariat ofisindən kənarda, habelə iş vaxtından sonra, istirahət və ya bayram günlərində notariat hərəkətlərinin aparılmasına görə hər bir notariusun özü tərəfindən müəyyən edilən haqqın məbləğini müəyyən edən meyarlar Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilir. Ofisdən kənar notariat hərəkətlərinin aparılması zamanı ödənişlər POS-terminallar, ödəniş sistemləri, yaxud yaxınlıqda olan banklar vasitəsilə, habelə notariuslar tərəfindən qəbz verilməklə nağd şəkildə qəbul edilir. Notariat hərəkətləri notariat ofisinin binasından kənarda aparılarsa, təsdiq qeydində və notariat reyestrində notariat hərəkətinin aparıldığı yer, vaxt və ünvan qeyd olunmalıdır. Şəxs notariat ofisinə gələ bilmədiyi hallarda verilmiş bildiriş (notariat hərəkətlərinin aparılması ilə əlaqədar yazılı və ya elektron müraciət) əsasında notariat hərəkətinin aparılması vaxtı (tarixi və saatı) razılaşdırıldıqdan, dövlət rüsumu və haqlar ödənildikdən sonra “Notariat haqqında” qanun ilə müəyyən edilmiş notariat hərəkətləri notariat ofisindən kənarda olan müraciət etmiş şəxslə videoyazı vasitəsilə aparıla bilər.
Notariat ofisindən kənarda videoyazı vasitəsilə notariat hərəkətləri iki notarius arasında videokonfrans əsasında, habelə “Elektron ədliyyə köşkü” və ya “Mobil notariat qovluğu” proqram təminatı üzərindən aparıla bilər. “Elektron ədliyyə köşkü”nün quraşdırıldığı yer və onlarla işləyən notariuslar Ədliyyə Nazirliyi tərəfindən müəyyən ediləcək. Ədliyyə Nazirliyinin tərtib etdiyi “Mobil notariat qovluğu” proqram təminatı ödənişsiz onlayn satış məntəqələrindən əldə ediləcək və istifadəçinin avadanlığının (mobil telefon, kompüter, planşet və s.) üzərinə yükləniləcək. İstifadəçi müvafiq səhifəyə daxil olduqdan sonra istifadə qaydaları ilə tanış olacaq və əməliyyatı həyata keçirəcək. Bu halda müraciət edənin öz iradəsini aydın ifadə etməsinin təminatı kimi verdiyi əlavə telefon nömrələri ilə əlaqə saxlanılaraq, aparılmış notariat hərəkətlərinin onun iradəsinə uyğunluğu bir daha yoxlanılacaq. Video və audio materiallar tərtib olunan yer qapalı, səs-küydən və digər şəxslərin təsirindən kənar olmalıdır. Notariat hərəkətləri videoyazı vasitəsilə həyata keçirildikdə, tərəfin öz iradəsini əks etdirən video və audio materiallar tərtib olunacaq və notariat hərəkətinin “Elektron notariat” informasiya sistemindəki eyniləşdirmə nömrəsinə bağlanılaraq, məlumat bazasında saxlanılacaq. Tərtib olunmuş video materiallarda tərəfin üz təsviri aydın görünməli, onun hər hansı formada və səbəbdən tam və ya qismən örtülməsinə yol verilməməli, kadrda başqa şəxs olmamalıdır. Tərtib olunmuş audio materiallarda tərəfin səsləndirdiyi sözlər aydın eşidilməli, başqa səslər ona qarışmamalıdır. Videoyazı vasitəsilə həyata keçirilən notariat hərəkətlərinin notariat ofisindən kənarda bir iştirakçısı olmalıdır.
İki və daha çox tərəfin iştirakı ilə aparılan notariat hərəkətləri iki notarius arasında videokonfrans əsasında aparıla bilər. Notariat hərəkətləri videoyazı vasitəsilə həyata keçirildikdə, notarius şəxsin zahiri görkəminin fotoşəklə uyğunluğu, habelə proqram təminatı vasitəsilə müəyyən edilən ünvanı (olduğu yer) haqqında qeyd aparacaq və sənəd üzərində “notariat hərəkəti videoyazı vasitəsilə rəsmiləşdirilmişdir” sözlərini yazacaq. İki notarius arasında videokonfrans əsasında videoyazı vasitəsilə notariat hərəkətinin rəsmiləşdirilməsi üçün iştirakçılar müxtəlif notariuslara müraciət etməli, notariuslar isə “Elektron notariat” informasiya sistemi vasitəsilə öz aralarında videokonfrans qurub əməliyyatı rəsmiləşdirməlidirlər. Notariat hərəkətlərinin rəsmiləşdirilməsi üçün notariuslar Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən istifadə edəcəklər. Notariat hərəkətinin aparılması üçün tələb olunan sənədlər natamam olduqda, notarius zəruri sənədlərin daxil ola bildiyi informasiya sistemlərindən əldə edilərək, notariat qaydasında təsdiq edilməsi barədə müraciət edən şəxsə məlumat verəcək.
Notarius əqdlərin iştirakçılarının, şahidlərin (vəsiyyətnamənin təsdiqi zamanı) və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyini (videoyazı, “Elektron ədliyyə köşkü”, “Mobil notariat qovluğu” proqram təminatı vasitəsilə aparılan notariat hərəkətləri istisna olmaqla) yoxlayacaq. Notariuslar, həmçinin elektron imza ilə təsdiq edilməklə elektron informasiya sistemləri və ya ehtiyatları vasitəsilə kağız daşıyıcıda olan sənəddəki məlumatları elektron formata keçirəcək və ya elektron daşıyıcıda olan elektron sənədin düzgünlüyünü rəsmiləşdirəcəklər. Təqdim edilən sənədin surəti və ya sənəddəki imzanın həqiqiliyi müvafiq qaydada notariat qaydasında təsdiq edilməlidir.