Ali Məhkəmə də şəhid ailəsi ilə bağlı məlumat yaydı - QALMAQAL
“Bir sıra saytlarda, “Oliqarxla hakim birləşib şəhid ailəsinin evini əlindən aldı” sərlövhəli yazı dərc olunub. Bu yazı Ali Məhkəmənin və hakimin fəaliyyətinə əsassız olaraq gölgə saldığı üçün məsələyə aydınlıq gətirməyi məqsədəuyğun hesab edirik”.
Bu fikirləri Ali Məhkəmənin mətbuat katibi Allahverdi Məmmədli "BI"yə verdiyi açıqlamada bildirib.
Bildirib ki, vətəndaş Zeynalov Novruz Qafar oğlu 13.08.2008-ci ildə “Kamran B.Ə” MMC ilə müqavilə bağlayaraq 50 kv.m qeyri-yaşayış sahəsinin (market) 64.480 manata alıb, lakin pulun 53.480 manatını hissə-hissə ödəyib, 11.000 manatını ödəməyibr.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2013-cu il tarixli hökmü ilə “Kamran B.Ə” MMC-nin rəhbərləri Babayev Ələkbər Tofiq oğlu, Hüseynov German İsmayıl oğlu CM-nin 178.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri ilə məhkum olunub.
Həmin hökmlə Novruz Zeynalov zərərçəkmiş kimi tanınıb və onun saxta müqavilə əsasında 53.480 manat pulunun cinayətkarlar tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi müəyyən edilib. Həmin hökmlə qərara alınıb ki, Babayev Ələkbər Tofiq oğlunun, Hüseynov German İsmayıl oğlunun və Əliyev Süleyman Adil oğlunun üzərinə həbs qoyulmuş əmlakları hesabına 53.480 manat pul tutularaq Novruz Zeynalova ödənilsin.
Sonradan həmin hissə Apellyasiya məhkəməsi tərəfindən hökmdən çıxarılıb ki, Novruz Zeynalovun mülki iddiası olmayıb.
“Bundan sonra Novruz Zeynalov Yasamal məhkəməsində qanuni qüvvəyə minmiş hökmlə səlahiyyətsiz hesab olunan “Kamran B.Ə” MMC-yə qarşı 2 noyabr 2017-ci ildə iddia qaldıraraq 50 kv.m qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınmasını xahiş edib. İddianın təmin olunmasına dair rayon məhkəməsinin qətnaməsini ləğv edən Apellyasiya məhkəməsi nəticəyə gəlib ki, iddiaçının bağladığı müqavilə hökmlə “saxta müqavilə” olduğundan mülki hüquqda əhəmiyyətsiz əqd hesab olunmaqla tərəflər üçün heç bir hüquq və vəzifə yaratmır”.
Ali Məhkəmənin rəsmisi bildirib ki, Mülki-Prosessual Məcəllənin 82.4-cü maddəsnə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin hadisəyə aidiyyəti hissəsində məcburidir.
“Kassasiya Məhkəməsi Apellyasiya Məhkəməsinin mövqeyi ilə razılaşmış 28 mart 2019-cu il tarixli qərarla qətnaməni dəyişdirmədən saxlamışdır.
Mübahisələndirilən müqavilə mənzillə əlaqədar deyil, 50 kv.metrlik qeyri-yaşayış sahəsi ilə əlaqədar olmuşdur. Müqaviləni 2008-ci ildə Novruz Zeynalov bağlamışdır. Mübahisəli obyektin şəhid Sənan Axundova aid olmasına dair işdə heç bir sübut və sənəd yoxdur. 2016-cı ilin aprel döyüşlərində iddiaçının qızı Nəcibənin əri Sənan Axundov həlak olduqdan sonra Novruz Zeynalov müraciət edərək, həmin qeyri-yaşayış sahəsini şəhid kürəkəninin vəsaiti hesabına almasını bildirmişdir.
Sənan Axundovun sağlığında məhkəmədə iddia qaldırması, qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair qərar qəbul edilməsinə nail olmasına dair göstərilənlər həqiqətə uyğun deyil. Belə bir iddia və məhkəmə qərarı olmamışdır.
Məqalələrdə göstərilənlərin heç bir hüquqi əsası yoxdur.
Novruz Zeynalov hökmədən sonra məhkəmədə obyektin onun sahibliyinə verilməsinə dair 2017-ci ildə iddia qaldıran zaman obyekti şəhid kürəkəninin vəsaiti hesabına əldə etdiyini bildirmişdir.
Sənan Axundovun adına müqavilə bağlanmamış, ona mənzil və ya qeyri-yaşayış sahəsi satılmamışdır”.