MALİYYƏ

Türkiyə, "TL daha da öləcək" deyən nəhəng bank haqqında cinayət işi açdı

Ötən həftə Türkiyədə Dolların bir gündə 7% bahalaşaraq yenidən 5.84 lirəyə yüksəlməsində swap bazarının ən böyük oyunçusu "JP Morgan"ın barmağının olduğu iddia edilir. Türkiyə mətbuatı yazır ki, 5.65 TL səviyyəsində əcnəbilərin opsion bağlaması, arxasından da "JP Morgan"ın 5.90 TL hədəfi ilə uzun mövqe təklif etdiyi hesabat yayması məzənnədə spekulyativ artıma səbəb olub.

Türkiyənin Bank sektorunu tənzimləyən və nəzarət edən qurumu (BDDK) və Kapital Bazarları Palatası (SPK) ABŞ-ın investisiya bankı "JP Morgan" haqqında araşdırmaya başlayıblar.  
 
"BI" xəbər verir ki, SPK-dan verilən yazılı açıqlamada, "JP Morgan"ın yaydığı hesabatda yanlış məlumatlar verildiyi və bu məlumatların səhmlər üzərində spekulyativ təsir yaratdığı qeyd edilib. Gələn şikayətlərə görə də araşdırma başladığı qeyd edilib. 

SPK açıqlamasında bunlar qeyd edilib:
 
"ŞİKAYƏTLƏR ÇƏRÇİVƏSİNDƏ ARAŞDIRMA BAŞLANILIB"

"22.03.2019 tarixində "JPMorgan Chase & Co" tərəfindən dərc olunan hesabatın yanlış məzmunu səbəbilə başda bank səhmləri olmaqla "Birja İstanbul A.Ş"də əməliyyat görən səhmlər üzərində spekulyativ təsir yaratdığına dair qurumumuza gələn şikayətlər çərçivəsində, 6362 saylı Sərmayə Bazarı Qanunu çərçivəsində araşdırma başlanılıb".
 
 
 YAYDIĞI HESABATDA TL VƏ DOLLARLA BAĞLI PROQNOZLAR VERİLMİŞDİ

"JP Morgan"  müştərilərinə göndərdiyi hesabatda, dollar/TL məzənnəsi üzrə gözləntisini 5.90 lirə olaraq açıqlamış, investorlara TL-yə qarşı Dollar almaları mənasına gələn uzun mövqe tutmalarını təklif etmişdi (TL-ni satıb Dollar alın təklifi). Bankın analitiklərinin hazırladığı hesabatda "JP Morgan"ın Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) ümumi valyuta ehtiyatlarının azalmasının sürətləndiyi qeyd edilmiş və 31 Mart bələdiyyə seçkiləri səbəbilə TL-nin daha da dəyərdən düşəcəyi nəzərdə tutulmuşdur.

Dünyanın ən böyük investisiya banklarından biri olan "JP Morgan", 10 Mart tarixli hesabatında Türkiyənin 2019-cu il üzrə iqtisadi artım proqnozunu 1.2%-dən 0.9%-ə salmışdır.

"JP Morgan" Türkiyədə valyuta swap əməliyyatlarının dörddə birini həyata keçirir. Bankın, kritik valyuta mövqe məlumatlarını istifadə edərək, "insider trading" əhatəsinə düşəcək əməliyyatlar həyata keçirdiyi danışılır. Bu kritik məlumatları istifadə edərək son dövrdə TL haqqında spekulyativ məqsədli bəzi hesabatlar hazırladığı da iddialar arasındadır.

 

İNDONEZİYADA ƏMƏLİYYATLARI QADAĞAN OLUNMUŞDU
2015-ci ildə oxşar hərəkətləri İndoneziyada edən "JP Morgan", ölkənin pul vahidinin ciddi ucuzlaşmasına səbəb olmuş, daha sonra yazdığı hesabatı geri götürməsinə baxmayaraq 16 ay ərzində İndoneziyada əməliyyat aparması qadağan olunmuşdu.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)