""STAR Rafineri" Türkiyənin yanacaq idxalından asılılığını azaldacaq"
"Türkiyə böyük həcmdə yanacaq idxalı həyata keçirdiyi üçün kənardakı qiymət dalğalanmalarının təsirinə daha tez məruz qalır". “Businessinsider.az” xəbər verir ki, bunu Uludağ İqtisadi Toplantısında çıxış edən “STAR Rafineri”nin baş direktoru Mesut İlter deyib.
Türkiyədə illik 42 mln. ton maye yanacaq məhsulları istehlak edildiyini qeyd edən “STAR Rafineri” rəsmisi əlavə edib ki, “SOCAR Turkey”nin fəaliyyəti xarici asılılığı azaldacaq investisiyalara yönəlib. Rəhbərlik etdiyi şirkətin dizel yanacağı istehsalını illik 5 mln. tona çatdırılmasını planlaşdırdığını açıqlayan M.İlter deyib ki, bu neft-kimya sektorunda canlanma yaradacaq.
Onun sözlərinə görə: "Ötən il Türkiyədə 24 mln. ton dizel yanacağı istehlak edilib ki, onun da 60%-i idxal olunub. “STAR Rafineri” 5 mln. tonluq dizel yanacağı istehsalı ilə bu idxal həcmini 40%-ə endirəcək. Bu eniş digər yanacaq növlərində də qeydə alınacaq. Sadəcə İstanbul Hava Limanı tam fəaliyyətə başlayandan sonra təyyarə yanacağının 60%-I burada istehlak ediləcək. Türkiyə illik 5,3 mln. ton təyyarə yanacağı ehtiyacının 90%-ni yerli istehsal hesabına qarşılayır, STAR zavodunun tam gücü ilə işləməsindən sonra idxal rəqəmi sıfırlanacaq”.
M.İlterin sözlərinə görə, Türkiyədə enerji istehsalında da artım qeydə alınıb, amma burada bərpa olunan enerji mənbələrinin göstəriciləri yetərsizdir.
“Enerji saxlanması problemi gələcəkdə ən vacib problemlərdən biridir”, - qeyd edən M.İlterin fikrincə dünya 2050-ci ilə qədər qazıntı yanacağı istifadə etmək niyyətindədir və emissiya azaltmaları ilə enerji ehtiyacları arasında düz mütənasib olmalıdır.
“STAR Rafineri” rəhbəri deyib ki, valyuta məzənnələrindəki əsnəklik və ar-ge çalışmaları mövzusundakı istəksizlik Türkiyənin ən zəif yeridir.