"Dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində təhsil ödənişsiz olacaq"
“Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququna təminat verdiyindən publik hüquqi şəxs kimi yaradılmış ümumi təhsil müəssisələrində ümumi təhsil ödənişsiz əsaslarla, yəni dövlət hesabına həyata keçiriləcək”.
Bu barədə “Ümumi təhsil haqqında” qanun layihəsinin 12-ci maddəsi ilə bağlı sorğuya Təhsil Nazirliyindən cavab olaraq bildirilib.
Qeyd olunub ki, Azərbaycan Konstitusiyasının 42-ci maddəsinə əsasən, dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququna təminat verdiyindən publik hüquqi şəxs kimi yaradılmış ümumi təhsil müəssisələrində ümumi təhsil ödənişsiz əsaslarla, yəni dövlət hesabına həyata keçiriləcək.
Bildirilib ki, publik hüquqi şəxslərin əmlakının formalaşdığı mənbələr “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Müəssisənin nizamnamə fondu, təsisçi tərəfindən müəssisəyə verilən əmlak və dövlət büdcəsindən ayrılan vəsaitlər həmin mənbələrə aid edilir.
Qeyd edək ki, Milli Məclisin Elm və təhsil komitəsi tərəfindən yeni hazırlanan “Ümumi təhsil haqqında” qanun layihəsinin 12-ci maddəsinin (Ümumi təhsil müəssisəsi) 1-ci bəndində qeyd edilib ki, dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsi publik hüquqi şəxsdir. İddia edilirdi ki, publik hüquqi şəxsə çevrilən dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisələrində təhsil ödənişli əsaslarla olacaq.