AİB-dən Azərbaycan iqtisadiyyatı ilə bağlı YENİ PROQNOZ
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın ÜDM-nin 2026-cı ildə 1,6 %, 2027-ci ildə isə 1,8 % artacağını gözləyir.
ENA.az AİB-in proqnozlarına istinadən xəbər verir ki, cari ilin proqnozu aprel ayı proqnozu ilə müqayisədə 0,4 faiz bəndi azaldılıb, gələn il üçün proqnoz isə dəyişməz olaraq qalıb.
Bu o deməkdir ki, 2026-2027-ci illərdə orta illik iqtisadi artım 1,7 % olacaq.
"İlin sonuna qədər artımın zəif qalacağı gözlənildiyi üçün 2026-cı il üçün artım proqnozu azaldılıb, lakin iqtisadi bərpa gözləntiləri fonunda 2027-ci il üçün proqnoz dəyişməz qalıb", - bank izah edir.
Analitiklərin hesabatlarına görə, ümumilikdə, Qafqaz, Mərkəzi və Qərbi Asiya üçün ümumi iqtisadi artım proqnozu 2026-cı ildə 0,1 faiz bəndi azaldılaraq 3,7 %-ə, 2027-ci ildə isə 4,1 %-ə endirilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan iqtisadiyyatı 2025-ci ildə 1,4 % artıb.
İqtisadiyyat Nazirliyi bu il ÜDM artımını 1,7 %, gələn il isə 2,7 % səviyyəsində qiymətləndirir. Azərbaycan Mərkəzi Bankı 2026-cı ildə ÜDM-in 0,5 %, 2027-ci ildə isə 2,6 % artımını gözləyir.
Niderlandın ən böyük bank qrupu "ING Group" Azərbaycanın iqtisadi artımını 2026-cı ildə 1,9 %, 2027-ci ildə 3 %, 2028-ci ildə 2,3 % səviyyəsində proqnozlaşdırır.
BMT-nin hesablamalarına görə, Azərbaycanın iqtisadi artımı 2026-cı ildə 2,7 %, 2027-ci ildə isə 2,6 % olacaq.
"Fitch Solutions" 2026-cı ildə Azərbaycanın real ÜDM artımının 2,5 % olacağını gözləyir.


















