Kart fırıldaqçılarının hədəfi dəyişir: Bank hesablarının boşaldılması azalır, yeni üsullar sürətlə yayılır
Azərbaycan Mərkəzi Bankının 2026-cı ilin birinci rübü üzrə açıqladığı statistika göstərir ki, ödəniş kartları ilə bağlı fırıldaqçılığın həcmi ilə yanaşı, dələduzluq üsullarında da ciddi dəyişikliklər baş verir. Rəqəmlər göstərir ki, ənənəvi kart və hesab oğurluqları azalır, əvəzində daha mürəkkəb kiberdələduzluq üsulları geniş yayılır.
Ölkədaxili fırıldaqçılıqda "digər üsullar" üstünlük qazanır
Statistikaya əsasən, 2025-ci ilin əvvəlində ölkədaxili fırıldaqçılıq hallarının 68,8%-i bank hesabından vəsaitin ələ keçirilməsi ilə bağlı idisə, 2026-cı ilin birinci rübündə bu göstərici cəmi 21,4%-ə düşüb. Əvəzində "digər" kateqoriyasına daxil edilən fırıldaqçılıq üsullarının payı 31,2%-dən 78,6%-ə yüksəlib.
Bu tendensiya onu göstərir ki, kiberdələduzlar artıq klassik hesab oğurluqlarından daha çox sosial mühəndislik, saxta investisiya platformaları, fişinq keçidləri, mobil tətbiqlər və digər mürəkkəb sxemlərdən istifadə etməyə başlayıblar.
Xarici əməliyyatlarda kartın fiziki iştirakı olmadan edilən fırıldaqçılıqlar üstünlük təşkil edir
Ölkə xaricində aparılan əməliyyatlarda da əsas risk dəyişməyib. 2026-cı ilin ilk rübündə baş vermiş kart fırıldaqçılığı hallarının 60,2%-i kartın fiziki iştirakı olmadan həyata keçirilib. "Digər" üsulların payı isə 39,8%-ə yüksəlib. Bu isə onu göstərir ki, internet üzərindən kart məlumatlarının oğurlanması və onlayn alış-veriş zamanı məlumatların ələ keçirilməsi xarici əməliyyatlarda əsas risk olaraq qalır.
Fırıldaqçılığın əsas meydanı elektron ticarətdir
Mərkəzi Bankın statistikası göstərir ki, ölkədaxili kart fırıldaqçılığı hallarının 98,3%-i elektron ticarət və mobil tətbiqlər üzərindən baş verir. Digər avadanlıqların, o cümlədən POS terminalların və bankomatların payı cəmi 1,7% təşkil edir. Bu göstərici son beş rüb ərzində demək olar ki, dəyişməyib.
Xaricdə də oxşar mənzərə hökm sürür
Ölkə xaricində də fırıldaqçılıq hallarının böyük hissəsi elektron ticarət və mobil tətbiqlər vasitəsilə həyata keçirilir. 2026-cı ilin ilk rübündə bu göstərici 80,6%, digər üsullar isə 19,4% olub. Baxmayaraq ki, elektron ticarətin payı əvvəlki dövrlərlə müqayisədə müəyyən qədər azalıb, o, hələ də əsas risk mənbəyi olaraq qalır.
Dələduzlar daha çox...
Statistika göstərir ki, kart fırıldaqçılığı artıq bankomat və ya POS terminalında kartın surətinin çıxarılması kimi ənənəvi üsullardan uzaqlaşır. Dələduzlar daha çox saxta bank əməkdaşı adı ilə zənglər, SMS və messencerlərdə göndərilən fişinq keçidləri, saxta investisiya və kredit platformaları, mobil tətbiqlər vasitəsilə məlumatların ələ keçirilməsi, sosial şəbəkələr üzərindən aparılan dələduzluq sxemlərindən istifadə edirlər.
Bu da göstərir ki, kibertəhlükəsizlik sahəsində əsas mübarizə artıq fiziki kartların qorunmasından daha çox rəqəmsal mühitdə istifadəçilərin davranışına və məlumat təhlükəsizliyinə yönəlməlidir.


















