"Dayım belə məsləhət gördü..." - Generalın bacısı oğlu ifadə verdi
Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin sabiq rəisi Fikrət Qədiməliyev, müavini Fərman Məmmədli və digər şəxslərin məhkəməsi keçirilib.
“BI”nun verdiyi xəbərə görə, prosesdə şahid Sultan Süleymanov ifadə verib. O, bu işlə bağlı cinayət işinə cəlb olunan, lakin ayrıca icraata götürülən general Sadiq Abduyevin bacısı oğlu olduğunu deyib.
S.Süleymanov Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində inspektor işlədiyini, bu hadisələrdən sonra da işdən çıxarıldığını deyib. O bildirib ki, işi anbarda qaimə ilə çıxarılan malların sayına nəzarət etmək olub: “Bu hadisələrdən təxminən bir ay əvvəl dayım - idarə rəisi, general Sadiq Abduyevin göstərişi ilə postum dəyişdirildi və anbarda işləməyə başladım”.
Vəkillər ondan kapitan rütbəsində olsa da, niyə aşağı vəzifəni icra etməyə razılaşmasının səbəbini soruşub. S.Süleymanov isə "İdarə rəisi belə məsləhət görmüşdü" deyə cavab verib.
Daha sonra Fərman Məmmədlinin vəkili Rəşad Mirmehdizadə bu zamana qədər ifadə verməyən və suallara cavab verməkdən imtina edən general Qədiməliyevə suallarını ünvanlayıb və protokola qeyd olunmasını istəyib.
Ondan Gömrük Hospitalında olan qara mühasibatlıqdan xəbəri olub-olmadığı, aylıq maaşının nə qədər olduğu, hospitalda həkim olmayan işçilərin paket alması, paketlərin verilməsi üçün bağlanan müqavilələrdə onun imzalarının olması, Hopitalın bəzi avadanlıqlarının qohumlarına verilməsinin səbəbini, Türkiyədən gələn həkimlərə 15 min avro maaş verməsi haqda ifadəsi, Hospitalın 5-ci mərtəbəsində olan pianinonun hansı vəsaitlə alınması, Hospitala bağlı ola qadın sağlamlıq mərkəzinə xərclədiyi 600 min manat pulu haradan aldığını və onun öz adına olan, qohumları üçün nəzərdə tutulan xəstə qəbulu şöbəsinin fəaliyyəti haqda suallar soruşulub.
Hakimlər məhkəmə istintaqının yekunlaşdığını elan ediblər. Proses martın 18-də davam etdiriləcək.