Apple-dan gözlənilməz addım: MAX messenceri mağazadan silindi
Rusiyada dövlət tərəfindən dəstəklənən və son dövrlər “milli messencer” kimi təqdim edilən MAX tətbiqi Apple cihazlarında problemlərlə üzləşib. Tətbiq əvvəlcə App Store-dan yoxa çıxıb, daha sonra isə iPhone istifadəçiləri üçün push-bildirişlərin göndərilməsi dayanıb.
Məlumata görə, MAX artıq App Store-da axtarış nəticələrində görünmür və tətbiqin səhifəsinə birbaşa keçid də xəta verir. Tətbiqin sahibi olan VK şirkəti problemin mövcudluğunu təsdiqləyərək Apple ilə əlaqə saxladıqlarını və məsələnin həlli üzərində çalışdıqlarını bildirib. Apple isə hələlik rəsmi açıqlama verməyib.
Rusiya mediasının yazdığına görə, tətbiqin App Store-dan çıxarılmasından sonra Apple cihazlarında bildirişlərin də işləməməsi istifadəçilərin narazılığına səbəb olub. Nəticədə iPhone sahibləri yeni mesajlar barədə yalnız tətbiqi açdıqdan sonra məlumat ala bilirlər.
MAX 2025-ci ildən etibarən Rusiya hakimiyyətinin fəal şəkildə dəstəklədiyi rəqəmsal platformalardan biridir. Tətbiqin gələcəkdə dövlət xidmətləri, bank xidmətləri və digər rəqəmsal həllərlə inteqrasiya olunması planlaşdırılırdı. Hətta Rusiyada satılan bəzi cihazlarda tətbiqin əvvəlcədən quraşdırılması da təşviq edilirdi.
Hadisə Apple ilə Rusiya arasında tətbiqlərin bloklanması və ya mağazadan çıxarılması ilə bağlı mübahisələrin davam etdiyi bir dövrə təsadüf edir. Yaxın vaxtlarda açıqlanan məlumatlara görə, Apple təkcə 2025-ci ildə Rusiya hakimiyyətinin tələbi ilə minlərlə tətbiqi App Store-dan silib.
Ekspertlər hesab edirlər ki, MAX ətrafında yaranmış vəziyyət Rusiyanın öz rəqəmsal ekosistemini qurmaq cəhdlərinə növbəti zərbə ola bilər. Çünki tətbiqin geniş yayılması üçün iPhone istifadəçilərinin də platformaya maneəsiz çıxışı vacib hesab olunur


















