Elm və Texnologiya

Pekində yarı marafon: insanabənzər robot dünya rekordunu yenilədi

Çinin paytaxtı Pekində keçirilən yarı marafonda insanabənzər robotlar yarışıblar. Robotlardan biri 21 kilometrlik məsafəni 50 dəqiqə 26 saniyəyə qət edərək dünya rekordunu geridə qoyub. Bu nəticə, peşəkar idmançılar arasında ən sürətli göstəricilərdən də daha yaxşı hesab olunur.

Müqayisə üçün qeyd edək ki, kişilər arasında yarı marafon üzrə son dünya rekordu uqandalı atlet Jacob Kiplimo tərəfindən 2026-cı ilin mart ayında Lissabonda keçirilən yarışda 57 dəqiqə 20 saniyə nəticə ilə qeydə alınıb. Qadınlarda isə rekord 2021-ci ildən etibarən 1 saat 2 dəqiqə 52 saniyə ilə etiopiyalı Letesenbet Gideyə məxsusdur.

Bu ilin qalib robotu Çinli smartfon istehsalçısı Honor tərəfindən hazırlanıb. Maraqlıdır ki, ötən il ən sürətli robot bu məsafəni 2 saat 40 dəqiqəyə başa vurmuşdu. Bu isə robot texnologiyalarında cəmi bir il ərzində ciddi irəliləyişin baş verdiyini göstərir.

Yarışda iştirak edən robotların təxminən 40 faizi tam avtonom rejimdə hərəkət edib, qalan 60 faizi isə uzaqdan idarə olunub.

Ekspertlərin fikrincə, insansı robotlar gələcəkdə yalnız idman sahəsində deyil, həm də fövqəladə hallarda xilasetmə əməliyyatları, zəhərli tullantıların təmizlənməsi, ağıllı istehsal və xidmət sektorunda geniş tətbiq oluna bilər.

Qeyd edək ki, Pekində təşkil olunan bu yarı marafonda robotlar insan iştirakçılarla eyni marşrutda, yan-yana yarışıb. Ümumilikdə 26 şirkətdən 300-dən çox insansı robot və təxminən 12 min insan iştirakçı 21,1 kilometrlik məsafədə mübarizə aparıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)