Bank

2025-ci ildə manatın effektiv məzənnəsi ucuzlaşıb – SƏBƏB NƏDİR?

2025-ci ildə Azərbaycan manatının nominal məzənnəsi ABŞ dollarına qarşı sabit qalsa da, effektiv məzənnə göstəriciləri üzrə ucuzlaşma qeydə alınıb. Bu isə manatın əsas ticarət tərəfdaşlarının valyutalarına münasibətdə real dəyərinin azaldığını göstərir.

Bununla bağlı ENA.az-ın sualına cavab olaraq, Azərbaycan Mərkəzi Bankının Baş direktoru Vüqar Əhmədov bildirib ki, il ərzində ABŞ dollarının indeksi zəifləyərək 9–10 faiz ətrafında dəyişib.

Dolların qlobal miqyasda zəifləməsi adətən inkişaf etməkdə olan ölkələrin valyutalarına dəstək versə də, Azərbaycanın timsalında vəziyyət fərqli olub.

“Qeyri-neft ticarət çəkisindən istifadə etməklə nominal effektiv məzənnə 5.2 ucuzlaşıb. 7 faizin üzərində real effektiv məzənnəmiz ucuzlaşıb. Nominal effektiv məzənnəyə nisbətdə real effektiv məzənnə daha çox ucuzlaşıb. Buna səbəb isə ticarət tərəfdaşlarında inflyasiyanın Azərbaycandan daha yüksək olmasıdır”- deyə V.Əhmədov qeyd edib.

Beləliklə, qeyri-neft ticarət çəkiləri əsasında hesablanan nominal effektiv məzənnə (NEM) 5,2 faiz ucuzlaşıb. Bu göstərici manatın əsas ticarət tərəfdaşlarının valyutalarına qarşı orta çəkili nominal dəyərini ifadə edir. Yəni manat təkcə dollara deyil, ümumilikdə ticarət etdiyi ölkələrin valyutalarına nisbətdə zəifləyib.

Burada daha diqqətçəkən məqam isə real effektiv məzənnənin (REM) 7 faizdən çox ucuzlaşmasıdır. Real effektiv məzənnə nominal göstəricidən fərqli olaraq inflyasiya amilini də nəzərə alır və ölkələrin qiymət səviyyələri arasındakı fərqi ölçür. REM-in NEM-dən daha çox ucuzlaşması onu göstərir ki, Azərbaycanın ticarət tərəfdaşlarında inflyasiya səviyyəsi ölkədaxili inflyasiyadan daha yüksək olub.

Başqa sözlə, xarici ölkələrdə qiymətlər Azərbaycana nisbətən daha sürətlə artdığı üçün manatın real alıcılıq qabiliyyəti həmin ölkələrin bazarları qarşısında əlavə olaraq zəifləyib.

Qeyd edək ki, həm nominal, həm də real effektiv məzənnə göstəriciləri qeyri-neft-qaz idxalı üzrə əsas ticarət tərəfdaşlarına nisbətdə hesablanır. Bu yanaşma iqtisadiyyatın şaxələndirilməsi baxımından daha obyektiv mənzərə yaradır və neft faktorunun təsirini minimuma endirir.

Nəticə olaraq demək mümükündür ki, bu proses qısa müddətdə ixrac rəqabət qabiliyyətini artıra bilər. Lakin idxal xərclərinin artımı inflyasiya təzyiqlərini gücləndirə bilər.

Beləliklə, 2025-ci ildə müşahidə edilən dinamika manatın rəsmi məzənnəsindən çox, onun ticarət tərəfdaşları qarşısında real dəyərinin dəyişməsi ilə xarakterizə olunur və bu da xarici ticarət balansı və qiymət sabitliyi baxımından mühüm siqnallar verir.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)