İndoneziyada təyyarəyə silahlı hücum olub, pilotlar ölüb
İndoneziyada naməlum şəxslər aeroporta eniş etdikdən sonra kiçik kommersiya təyyarəsinə silahlı hücum edib, iki pilot öldürülüb.
"Reuters" agentliyi xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Polisin nümayəndəsi qeyd edib ki, "Smart Air" şirkətinə məxsus olan təyyarədə 13 sərnişin və iki pilot olub.
Təyyarə bu gün yerli vaxtla günorta saatlarında Cənubi Papua vilayətinin Boven-Diqoel bölgəsindəki Korovai aeroportuna eniş edib.
"Atışma başlayanda pilotlar və sərnişinlər təyyarəni tərk edərək hava limanı yaxınlığındakı meşəlik ərazidə gizlənməyə cəhd ediblər. Pilotlar həlak olub, sərnişinlər sağ qalıb" - o qeyd edib. Nümayəndə əlavə edib ki, hücum edənlərin kimliyini və hücumun səbəblərini hələlik müəyyən etmək mümkün olmayıb.


















