Süni intellekt yarışında dörd texnologiya nəhəngi kapital axtarışına çıxıb
Amazon-un səhmləri şirkətin 2026-cı il üçün iri həcmli investisiya planlarını açıqlamasından sonra ucuzlaşıb. Amazon.com, bu il məlumat mərkəzləri, çiplər və digər texniki avadanlıqlara analitiklərin gözləntilərini xeyli üstələyən – təxminən 200 milyard dollar həcmində vəsait xərcləməyi planlaşdırdığını açıqladıqdan sonra səhmlərinin dəyəri azalıb.
Şirkət bildirib ki, 2025-ci ildə daşınmaz əmlak və avadanlıqlara təxminən 130 milyard dollar sərmayə qoyub. Analitiklər bu xərclərin 2026-cı ildə 150 milyard dollar səviyyəsində olacağını proqnozlaşdırırdı.
Açıqlamadan sonra Amazon-un səhmləri birjadan sonrakı ticarətdə təxminən 10 faiz dəyər itirib.
Amazon-un 2026-cı il planlarını da açıqlaması ilə birlikdə ABŞ-ın ən böyük dörd texnologiya şirkətinin – Alphabet, Amazon, Meta Platforms və Microsoft – 2026-cı ildə ümumilikdə təxminən 650 milyard dollar həcmində investisiya xərcləri planlaşdırdığı məlum olub.
Bu şirkətlərin planlaşdırdığı iri həcmli sərmayələr hələ formalaşmaqda olan süni intellekt alətləri bazarında liderliyi ələ keçirmək uğrunda rəqabətin bir hissəsi kimi qiymətləndirilir.
Bloomberg-in məlumatına görə, bu şirkətlərin hər birinin cari il üçün proqnozlaşdırılan xərcləri, son 10 ildə istənilən bir şirkətin həyata keçirdiyi kapital xərclərini üstələyir.
Yüksək həcmli investisiyaları şərh edən DA Davidson analitiki Gil Luria bildirib ki, bu dörd şirkət “süni intellekt yarışını qalibin hər şeyi – və ya demək olar ki, hər şeyi – qazandığı bir bazar kimi görür” və əlavə edib:
“Onlardan heç biri uduzmağa razı deyil.”


















