Trampın Venesuela ilə bağlı addımı neft bazarını silkələyir
ABŞ prezidenti Donald Trampın Venesuelaya artan hərbi təzyiqi qlobal neft bazarında ciddi qeyri-müəyyənlik yaradıb. Tankerlər marşrutlarını dəyişir, bəzi gəmilərin Asiyaya getmək əvəzinə limanlarda gözlədiyi bildirilir və Venesuela xam neftinə endirimlər dərinləşir.
Bu inkişaflar Venesuelanın dövlət neft şirkəti PDVSA-nın kifayət qədər saxlama yeri olmadığı üçün bəzi quyuları tezliklə bağlamasına səbəb ola bilər. Ekspertlər Trampın hərbi əməliyyatlarının təxminən 8 milyard dollar dəyərində neft bazarını təhdid etdiyini bildirirlər.
Proses bir həftə əvvəl neft tankerinin ələ keçirilməsi ilə başlayıb. Bunun ardınca Tramp Venesuelanın “ABŞ-dan oğurladığı nefti, torpaqları və digər aktivlərini geri qaytarmalı” olduğunu iddia edərək, Venesuela tankerlərinin hərəkətini blokada ilə hədələyib.
Tramp həmçinin sosial media platformasında ABŞ-ın Venesuela sahillərində hərbi varlığının artacağını və bunun Karakas hökuməti üçün “görünməmiş şok” yaradacağını bildirib.


















