Abbas İbrahimov: ABB xaricdən vəsait cəlb etməyi planlaşdırmır
“Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin İdarə Heyətinin sədri Abbas İbrahimov xarici bazarlardan vəsait cəlb etməklə bağlı planların olmadığını bildirir.
“Hazırda Azərbaycan Beynəlxalq Bankı kifayət qədər likvid vəsaitlərə malik olduğundan xaricdən belə bir cəlbetməyə ehtiyac yoxdur”, - deyə o, bankın mətbuat xidmətinə müsahibəsində bildirib.
A.İbrahimovun sözlərinə görə, ABB beynəlxalq maliyyə institutları, o cümlədən ödəniş sistemləri ilə əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirir və genişləndirir.
“Bildiyiniz kimi, Azərbaycan Beynəlxalq Bankı ən çox beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. Elə bu günlərdə “Union Pay” beynəlxalq ödəniş sisteminin kartlarının emissiyasına başladıq. Bundan başqa, “American Express” ödəniş sistemi ilə eksklüziv tərəfdaşlığımızın müddəti növbəti 6 il müddətinə uzadıldı. Azərbaycan Beynəlxalq Bankı ABŞ-ın dörd bankında müxbir hesabları olan yeganə Azərbaycan bankıdır. Yeni əməkdaşlıq perspektivlərini həmişə dəyərləndirməyə çalışırıq və bu, gələcəkdə də belə olacaq”, - deyə o qeyd edib.
ABB 1992-ci ildə yaradılıb. Bankın əsas səhmdarı Maliyyə Nazirliyidir.