Azərbaycana turist axını 1,6 faiz azalıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 182 ölkəsindən 1 milyon 720,5 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistiak Komitəsindən verilən məlumata görə, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz azdır.
Gələnlərin 25,5 faizi Rusiya Federasiyası, 16,9 faizi Türkiyə, 7,8 faizi İran, 7,3 faizi Hindistan, 4,6 faizi Səudiyyə Ərəbistanı, 4,1 faizi Gürcüstan, 4,0 faizi Qazaxıstan, 3,4 faizi Pakistan, 2,4 faizi Çin, 2,2 faizi Özbəkistan, 2,1 faizi İsrail, 1,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, hər birindən 1,2 faiz olmaqla Türkmənistan və Küveyt, 1,0 faizi Belarus və 13,1 faizi digər ölkələrin vətəndaşları olub.
Gələnlərin 66,2 faizini kişilər, 33,8 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Tacikistandan gələnlərin sayı 1,9 dəfə, İsraildən - 1,7 dəfə, Yaponiyadan - 1,5 dəfə, Çindən - 1,5 dəfə, İordaniyadan - 48,7 faiz, Qırğızıstandan - 32,9 faiz, Özbəkistandan - 27,8 faiz, Qazaxıstandan - 19,4 faiz, Pakistandan - 17,2 faiz, Kanadadan - 17,1 faiz, Niderlanddan - 16,5 faiz, Almaniyadan - 15,0 faiz, ABŞ-dan - 14,5 faiz, İtaliyadan - 12,7 faiz, Böyük Britaniyadan - 10,6 faiz artıb.
2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,5 faiz artaraq 73,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 6,3 faiz azalaraq 287,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 6,1 faiz azalaraq 600,9 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 3,5 faiz artaraq 758,8 min nəfər təşkil edib.
Qeyd edək ki, ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,0 faizi hava, 22,6 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib. (Teleqraf)


















