Avropalılar ən çox hansı maşınları alırlar: hibrid yoxsa elektrik?
Avropa İttifaqı (Aİ) bazarında yeni avtomobil satışları avqust ayında illik müqayisədə 5,3 faiz artaraq 677 786 ədədə çatıb.
Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) avqust ayı üçün Aİ ölkələri üçün yeni avtomobil qeydiyyat məlumatlarını açıqlayıb.
Belə ki, Avropa İttifaqına üzv dövlətlərdə satılan yeni avtomobillərin 33,9 faizi hibrid, 26,3 faizi benzinlə işləyən, 17,8 faizi elektrik, 10,4 faizi plug-in hibrid, 8,8 faizi dizel, 2,8 faizi isə digər yanacaq növləri olub.
Elektrikli avtomobil satışları avqust ayında illik müqayisədə 30,2 faiz artaraq 120 797 ədədə çatıb. Tam elektrik, hibrid və plug-in hibrid modellər ümumi satışların 62,1 faizini təşkil edib.
Yeni avtomobil satışları avqustda ötən ilin eyni dövrü ilə müqayisədə Almaniyada 5 faiz, Fransada 2,2 faiz, İspaniyada 17,2 faiz artıb, İtaliyada isə 2,7 faiz azalıb.
Yanvar-avqust aylarında ümumi satışlar ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz azalaraq 7 milyon 168 min 848-ə düşüb.
Avtomobil istehsalçılarının məlumatına görə, Volkswagen Qrupu 190 142 avtomobillə avqust ayında Aİ-də ən çox yeni avtomobil satıb. Peugeot, Fiat, Citroën və Opel kimi markaların daxil olduğu Stellantis Group 95.966 satışla ikinci olub. Renault Group 69 562 yeni avtomobillə üçüncü yerdə qərarlaşıb.


















