"Formula 1": Sürətin dünyası, Bakının hekayəsi

Üç Michael və bir nəsil
80–90-cı illərdə böyüyən uşaqlar üçün dünyanın ən məşhur üç “Michael”ı vardı: Michael Jackson, Michael Jordan və Michael Schumacher. Birincisi musiqinin kralı, ikincisi basketbolun qlobal siması idi. Üçüncüsü – Schumacher – isə asfaltın qəhrəmanı kimi həmin siyahıya girdi. Azərbaycanda sürətli maşın sürən hər kəsə “Şumaxer” deyilməsi Formula 1-in pop mədəniyyətdə nə qədər dərin iz buraxdığının yerli sübutudur.
Mənim F1-ə ilk baxışım televiziya ekranının altındakı sürətlə dəyişən adlardan ibarət idi: Schumacher, Häkkinen, Coulthard, Barrichello… Birja indeksləri kimi oynayan bu adların arxasında isə tamam başqa bir kainat vardı – 20 pilot, 10 komanda, yüzlərlə mühəndis və milyardlarla dollarlıq texnologiya.
F1 necə işləyir?
Formula 1 ilboyu davam edən bir dünya çempionatıdır. Cari mövsümü 24 Qran-pridən ibarətdir və Bakı təqvimdə 17-ci yarışdır. Hər komandadan iki pilot çıxış edir (cəmi 20 pilot), yarışlar həm Sürücülər Çempionatı, həm də Konstruktorlar Çempionatı üzrə hesablanır; hər Qran-pridə ilk onluqdakı pilotlar xal toplayır, sonda ən çox xal toplayanlar çempion olur.
Bu idmanın əbədi sualı budur: çempionluğu pilot qazanır, yoxsa maşın? Cavab “hər ikisi”dir, amma tarixi rəqəmlər göstərir ki, Formula 1 dominantlığa açıq bir yarışdır. 1994–2024 aralığında titul payının böyük hissəsini dörd superulduz – Schumacher və Hamilton (hərəsi 7), Vettel və Verstappen (hərəsi 4) – toplayıb. Digərləri (Alonso və Häkkinen – 2, Hill, Villeneuve, Räikkönen, Button, Rosberg – 1) mozaiki tamamlayır. Konstruktorlarda da oxşar mənzərə: Ferrari və Mercedes uzun zolaqlarla (hər biri 8 dəfə) önə çıxıb, Red Bull yeni dövrdə güc mərkəzinə çevrilib.
Möcüzəli texnologiya: bir abzaslıq “anatomiyadan”
F1 bolidləri mid-engine quruluşlu, hibrid güc qurğulu, aerodinamikası laboratoriyada yoğrulan maşınlardır. Hava müqaviməti (drag) ilə yola basdırıcı qüvvə (downforce) arasındakı incə balans – “quraşdırma” – hər trasda fərqli qurulur. 2011-dən bəri DRS ötmələri asanlaşdırır; 2018-dən HALO pilotların həyatını qoruyan standart təhlükəsizlik elementi oldu.
Populyarlığın dalğası
2010-larda Red Bull-Vettel, sonrasında Mercedes-Hamilton hegemonluğu yarışın cazibəsini bir qədər azaltdı. Pandemiyadan sonra isə Liberty Media F1-i “əyləncə biznesi” kimi yenidən paketlədi; Drive to Survive sayəsində ABŞ-da yeni kütlələr yarandı, reytinqlər qalxdı. F1-in əsas gəlir axınları – yarış təşkilatçısı ölkələrdən (şəhərlərdən) alınan iştirak haqları, media hüquqları və sponsorluqdur.
Bakı: dünyanın ən bahalı yarışlarından biri
F1 2016-dan bəri Bakının küçələrindədir və artıq 2030-a qədər təqvimdə qalacağı rəsmi elan edilib. Bu parlaq vitrin, eyni zamanda, böyük xərc deməkdir. Hosting fee – yarışı təqvimdə saxlamaq üçün promouterin F1-ə ödədiyi illik haqq – üzrə Azərbaycan liderdir: nüfuzlu siyahılarda Bakının illik ödənişi təxminən 57 milyon ABŞ dolları göstərilir (Səudiyyə ~55m, Çin ~50m, Bəhreyn ~45m, Sinqapur ~35m, Monako ~32m, Kanada ~12m və s.). Demək ən bahalı F1 bizdədir.
Vacib dəqiqləşdirmə – büdcə təqdimatı necədir?
Maliyyə Nazirliyinin illik hesabatlarında Formula 1 xərcləri adətən “beynəlxalq və ölkə səviyyəli tədbirlər” adlı geniş başlıq altında göstərilir; yəni rəqəmlər yalnız F1-ə aid deyil, çoxsaylı konqres, festival və idman tədbirlərini də əhatə edir. İstisna olaraq:
2021: bu başlıqda F1 və Avro-2020 üçün birlikdə 80 mln manat fərqləndirilib (ümumi qrup xərci 97,9 mln manat idi).
2024: eyni başlığın içində ilk dəfə F1 ayrıca vurğulanıb – 168 mln manat (təxminən 100 mln ABŞ dolları).
İllik 168 milyon manat xərc göstərir ki, büdcəmizin F1 xərcləri yalnız ev sahibi haqqı ilə kifayətlənmir. Bəs bu 100 milyon dolların qarşılığında ölkəmiz nə qazanır?
Kim nə qazanır?
Beynəlxalq sponsorluqlar və yayım haqları F1-in özünün (Liberty Media) gəlir axınlarıdır; yerli tərəf üçün əsas gəlir bilet satışı, yerli sponsorluqlar və ən böyük payla turizm-xidmət sektorunda yaranan dolayı iqtisadi aktivlikdir. Bakı üçün 2016–2019 dövrü üzrə iqtisadi təsirin yarım milyard dollardan artıq qiymətləndirildiyi hesabatlar dərc olunub. Bəs Bakı yarışını nə qədər tribunalardan nə qədər insan izləyir?
Tamaşaçı rəqəmləri: Bakı hardadır?
2024 mövsümünün həftəsonu tamaşaçı saylarına baxanda (rəsmi və promouter məlumatlarının toplusu) Bakı 76,000 nəfərlə siyahının sonlarında yerləşir; Britaniya Qran Prisi isə 480,000 ilə zirvədədir (Avstraliya 452,055; Kanada 350,000 və s.). Rəqəmlərdə ölkələrarası fərqlər təkcə maraqla deyil, oturacaq tutumu, şəhər infrastrukturunun həcmi və bilet əlçatanlığı ilə də bağlıdır.
Bilet qiymətlərini yerli orta aylıq əməkhaqqı ilə müqayisə etmək ayrıca maraqlı olardı: eyni nominal qiymət bir ölkədə maaşın kiçik hissəsi, digərində isə böyük payı ola bilər. Bu fərq tribunaların doluluğuna da təsir edir.
Nəticə: F1 ayrıca bir dünyadır – Bakıda isə ikiqat
F1 həm mühəndisliyin sərhədləri, həm insan hekayələrinin dramatizmi, həm də böyük pulların yarışdığı ayrıca bir dünyadır. Hər mövsüm 20 pilotun bir neçəsi – çempionluq namizədləri – qlobal superulduza çevrilir; biz isə şəhərin kənarında onların 300 km/saatlıq poeziyasını izləyirik.
Bakı üçün bu yarış prestij və turizm canlılığı deməkdir – amma əlavə böyük xərc də deməkdir. Hosting fee-dən tutmuş, şəhər mərkəzinin bağlanmasına qədər hər şeyin qiyməti var. Sual açıq qalır: bu qədər xərcin qarşılığında ölkə olaraq yetərincə qazanırıqmı? Cavab, çox güman, tribunaların səsindən çox, büdcə cədvəllərində gizlidir.
Xəqan Hümmətzadə
İdman həvəskarı