Bakı metrosunda pik saatlarda interval azaldıldı

“Bakı Metropoliteni” QSC cari ilin may ayında fəaliyyətində mühüm yenilik edərək son 16 ildə ilk dəfə intervalın azaldılmasına nail olunub.
“Bakı Metropoliteni” QSC -dən verilən məlumata görə qatar cütlərinin sayı 30-dan 32-yə yüksəldilərək, yeni, daha sıx hərəkət cədvəli tətbiq edilib. Bu dəyişiklik nəticəsində pik saatlarda qatarlararası interval 1 dəqiqə 52 saniyəyə qədər azaldılıb.
Qeyd edək ki, metropoliten xətlərində qatar sayında sonuncu artım 2009-cu ildə olub və o vaxtdan sistem maksimal 30 cüt qatar/saat prinsipi ilə fəaliyyət göstərib. 2025-ci ildə atılan bu addım strateji əhəmiyyət daşıyan irəliləyiş hesab olunur.
Hazırda Bakı metropoliteni iş günlərində orta hesabla 740 minə yaxın sərnişinə xidmət göstərir. Qatarlar gün ərzində artan tendensiya ilə xəttə çıxarılaraq pik saatlarda 30 cütə çatdırılırdı. Artıq bu rəqəm 32-yə çatdırılıb. “Cüt qatar” anlayışı – bir saat ərzində müəyyən bir stansiyadan keçən qatar sayını bildirir və bu, infrastrukturun, xüsusən qatarların hərəkət təhlükəsizliyi sisteminin texniki imkanları ilə müəyyən olunur.
Yeni hərəkət qrafikinin hazırlanması çərçivəsində bir sıra mühüm yeniliklər həyata keçirilib. Köhnə, kağız əsaslı qrafikdən imtina edilib və onun yerinə rəqəmsal proqram təminatı istifadəyə verilib. Bu, qatarların hərəkətinin daha səmərəli təşkil olunmasına və əməliyyatların optimallaşdırılmasına imkan yaradıb.
İşarəvermə və idarəetmə sistemləri təkmilləşdirilib, stansiyalardakı giriş-çıxış və dayanma rejimləri optimallaşdırılıb. Bundan əlavə, maşinist heyətinə təlimlər keçirilib və stansiyalarda əlavə nəzarət tədbirləri görülüb.
Gündəlik səhər və axşam pik saatlarında (cəmi 3 saat ərzində) stansiyalardan əlavə 4 qatarın keçməsi sayəsində, 19 min əlavə sərnişin daşınması imkanı yaranıb. Bu, illik hesabla təxminən 5 milyon sərnişin artımına gətirib çıxara bilər.
Son 1 ay ərzində müvafiq normativ və təhlükəsizlik standartlarına riayət olunaraq keçirilən sınaqlar uğurla başa çatıb. Hazırda sərnişin sayında hələ ki, artım müşahidə olunmasa da, pik saatlarda platformalarda sıxlıq nisbətən azalıb.