Dövlətin evini deyil, pul istəyirlər
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakı şəhəri, Səbail rayonu, Bayıl sürüşmə zonasında evləri olan məcburi köçkünləri qəbul edib.
Qəbulda sürüşmə ilə əlaqədar olaraq söküntüsü həyata keçiriləcək 27 evin sahibinin problemləri müzakirə olunub. R.Rzayev məcburi köçkün ailələrinə onların şəxsi mülkləri hesab olunan evlərin söküntüsü baş tutacağı təqdirdə kompensasiya ödəniləcəyini deyib. O, məsələnin bu həftə ərzində öz həllini tapacağını vurğulayıb.
Qeyd edək ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl sürüşmə zonasında yerləşən 98 evin söküləcəyi barədə müvafiq qərar qəbul ediləcəyi gözlənilir. Söküləcək evlərdən 71-nin sahibinə kompensasiya verilməsi planlaşdırılır. Digər 27 evin isə məcburi köçkünlərə məxsus olduğu əsas gətirilərək onlara kompensasiya ödənilməyəcəyi, dövlətin məcburi köçkünlər üçün tikdiyi evlərdə yerləşdiriləcəyi bildirilib. Məcburi köçkünlər isə həmin evlərin onların mülkü olduğunu əsas gətirərək kompensasiya verilməsini istəyirlər.
Xatırladaq ki, 2018-ci ilin yanvar ayının sonuncu ongünlüyündən etibarən Bayıl yamacında, Teleqüllənin yaxınlığındakı mövcud sürüşmə zonasında aktivlik başlayıb, növbəti günlərdə bir neçə ev dağılıb. Bayıl yaşayış massivində baş vermiş sürüşmə hadisəsi ilə əlaqədar Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.