Tramp Çinə rüsumları 104%-ə qaldırdı

Ağ Evdən verilən açıqlamaya görə, Çinə 104 faiz gömrük rüsumu tətbiq edilib. Ağ Evin sözçüsü Karoline Leavitt bildirib ki, Çinə tətbiq edilən 104 faiz tarifləri bu gecə yarısı qüvvəyə minəcək.
Leavitt keçirdiyi mətbuat konfransında tariflərlə bağlı yeni bir qiymətləndirmə etdi.
ABŞ prezidenti Donald Trampın Çinin cavab tədbiri olaraq dünən elan etdiyi 50 faizlik əlavə tarifin qüvvəyə minib-keçməyəcəyi sualına Leavitt, sözügedən tarifin aprelin 9-da ABŞ yerli vaxtı ilə saat 00.01-də qüvvəyə minəcəyini bildirib.
Leavitt deyib ki, Tramp Çinin ABŞ-la müqavilə bağlamaq istədiyinə inanır və ölkə bu müqaviləni bağlamalıdır.
"Çin əlini uzatsa, Tramp yumşaq davranacaq"
Leavitt Çinin cavab addımını "səhv" adlandırıb və deyib: "Amerika yumruq atanda, prezident daha sərt cavab verir. Bu səbəbdən Çinə tətbiq edilən 104% tarifləri bu gecə yarısı qüvvəyə minəcək".
Leavitt, Çinin müqavilə bağlamaq istədiyini, sadəcə bunu necə başlayacağını bilmədiyini və Çin razılaşma əldə etsə, Trampın son dərəcə lütfkar davranacağını söylədi.
Leavitt bildirib ki, aprelin 2-də ikitərəfli tariflər açıqlanandan bəri 70-ə yaxın ölkə danışıqlara başlamaq üçün prezident Trampla əlaqə saxlayıb: “Ölkələr ədalətsiz ticarət təcrübələrini düzəltmək və bazarlarını sərbəst şəkildə ölkəmizə açmaq üçün bir-biri ilə yarışır”.
Leavitt həmçinin bildirib ki, Tramp bu səhər ticarət komandası ilə görüşüb və administrasiyasına razılaşmaq istəyən hər bir ölkə üçün uyğunlaşdırılmış ticarət sazişləri yaratmağı tapşırıb.
Tramp cavab olaraq Çinə 50 faiz rüsum tətbiq edəcəyi ilə hədələyib
ABŞ prezidenti Tramp “qurtuluş günü” olaraq xarakterizə etdiyi 2 apreldə digər ölkələrə tətbiq olunacaq qarşılıqlı tarif dərəcələrini açıqlayıb.
Əsas tarif dərəcəsinin yüzdə 10 olacağını bildirən Tramp, digər ölkələrin tətbiq etdiyi tarifləri və tarifsiz maneələri nəzərə alaraq, ölkələrə görə dəyişən gömrük rüsumları dərəcələrini paylaşıb.
Bu çərçivədə ABŞ-ın Çindən idxalına 34 faiz gömrük rüsumunun tətbiq edilməsi nəzərdə tutulurdu.
Çin ABŞ-ın tarif artımına reaksiya verən ilk ölkə olub və 34 faizlik tarif artımına cavab olaraq eyni nisbətdə əlavə tariflər tətbiq edəcəyini açıqlayıb.
Tramp da öz növbəsində Çinin qarşılıqlı tariflərə cavab olaraq elan etdiyi 34 faizlik gömrük rüsumlarını geri götürməməsi halında ölkəyə əlavə 50 faizlik rüsum tətbiq edəcəklərini açıqlayıb.
ABŞ prezidenti Tramp daha əvvəl fevralın 1-də imzaladığı fərmanla Çindən idxala 10 faiz gömrük rüsumu tətbiq etmişdi, martın 4-də isə Çin üçün tarif dərəcəsini 20 faizə qaldırmışdı.
Bu inkişaflarla ABŞ-ın Çindən idxala tətbiq etməyi planlaşdırdığı tarif dərəcəsi yüzdə 104-ə çatır.