Tramp: BRICS artıq “ölüb”

ABŞ prezidenti Donald Tramp BRICS qrupunun artıq “öldüyünü” bildirib. Siyasətçi bunu təşkilatın üzv ölkələrinin ABŞ dollarına alternativ tapacağı təqdirdə ona tariflər tətbiq etmək hədələri ilə əlaqələndirib.
“Əgər dollarla oyun oynamaq istəsələr, həmin gün onlara 100% tarif tətbiq olunacaq. Onda geri dönüb deyəcəklər: “Yalvarırıq, bunu etmə”. BRICS artıq ölüb”, – deyə cənab Tramp Ağ Evdə jurnalistlərə müsahibə verərkən söyləyib.
Qeyd edək ki, BRICS-ə Rusiya, Braziliya, Hindistan, Çin, Cənubi Afrika, İran, Misir, Efiopiya, BƏƏ və İndoneziya daxildir. Yanvar ayında vəzifəyə gəldikdən sonra Donald Tramp BRICS ölkələrini vahid valyuta yaratdıqları təqdirdə 100% tariflərlə hədələyib.
Vladimir Putin 2024-cü ilin oktyabrında Kazan sammitində deyib ki, BRICS dollarla mübarizə aparmır. Onun sözlərinə görə, təşkilata üzv ölkələr alternativ axtarmalıdırlar, çünki “Amerika valyutası ilə işləməyə imkan vermirlər”.