Avtomobil

Hər qəzaya görə DYP-dən Forma-4 almağa ehtiyac yoxdur - QAYDALAR

"Son vaxtlar yol-nəqliyyat hadisəsinə düşən sürücülər şikayətlənirlər ki, bəzi sığorta şirkətləri hadisənin sadələşdirilmiş (protokol) qaydasında sənədləşməsini qəbul etmirlər, müvafiq şərtlər olsa da, deyirlər ki, gedin DYP-dən arayış (forma 4 kimi məşhur olan) gətirin. Belə yanaşma sadəcə qanun pozuntusu yox, həm də sığortaçının və ya onun məsul əməkdaşının öz müştərisinə hörmətsizliyi və ən nəhayətdə sığorta şirkətlərinə etimada zərbədir".

"Businessinsider.az" xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov öz "Facebook" səhifəsində yazıb. O bildirib ki, belə sadələşmiş sənədləşmənin şərtləri "İcbari sığortalar haqqında" Qanunda (58-ci maddə) çox aydın yazılıb və aşağıdakı kimidir:

1. Hadisə 2-dən artıq olmayan nəqliyyat vasitəsinin iştirakı ilə baş verib;

2. Hadisənin baş verməsində təqsirli olan sürücünün müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə yoxdur;

3. Hadisə nəticəsində sağlamlığa zərər dəyməyib (yəni yalnız maddi ziyan var);

4. Dəymiş zərərin həcminin 1000 manatdan çox olmaması hadisə iştirakçıları və sığortaçı tərəfindən ağlabatan şəkildə ehtimal edilir. Burada söhbət əvəzində sığorta təminatı veriləcək zərərdən gedir, yəni məsələn, təqsirkar sürücüyə dəyən zərə bura daxil deyil.

Ekspertin fikrincə, bu 4 şərtin hamısı varsa, məşhur forma 4 arayışına ehtiyac yoxdur: “Sığorta əməkdaşı belə hallarda sürücülərə izah etməlidir ki, gəlin, oturun, bu protokolu doldurun, imzalayın, hər şey həll olunsun. Hətta onlara bunun üçün kömək də etməlidir. Protokolun hazır blankı (onun forması Maliyyə Nazirliyi tərəfindən təsdiq olunub) hər bir sığorta şirkətində var”.

 

Eləcə də bax: ““Atəşgah” sığorta ilə yol polisi anlaşıb məni günahkar çıxardı”

 

"Eşitdiyimə görə, belə sadələşmiş formadan ən çox "hadisə mübahisəlidir" bəhanəsi ilə imtina olunur. Amma qanunda aydın şəkildə yazılıb ki, təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmasın. Hər iki sürücü protokol formasını tələb edirsə, deməli, təqsir məsələsində mübahisə yoxdur. Müşahidələrimiz göstərir ki, xeyli hadisələrdə belə mübahisə olmur, sürücülər dərhal müəyyən edirlər ki, kimdir günahkar. Başqa bir məqamı da vurğulamaq istərdim. İstənilən yol-nəqliyyat hadisəsi barədə DYP-yə məlumat verilməlidir və DYP orqanı da qanuna uyğun olaraq təqsirli sürücünün barəsində inzibati tənbeh (daha çox cərimə) tətbiq edərək qərar çıxarmalıdır. Bu qərarın olması heç bir halda o demək deyil ki, sürücülər öz aralarında təqsir məsələsini həll edə bilməyiblər və bunu DYP həll edib. Əgər təqsirkar sürücü DYP-nin bu qərarından şikayət edərsə, onda mübahisə olduğunu demək olar. Əsas odur ki, protokolu dolduranda hər iki sürücü altında qol çəkir, özü də biri zərərçəkmiş kimi, digəri də təqsirkar kimi" – deyə o əlavə edib.

Ə.Hüseynovun sözlərinə görə, protokol qaydasında sənədləşmə mümkün olan halda bunun əngəllənməsi və sürücünün problemlərlə dolu bürokratiya mexanizmini keçərək DYP-dən arayış almağa məcbur edilməsi ciddi qanun pozuntusudur: “Ümumiyyətlə isə həmin arayışın dövriyyədən çıxarılması və elektron məlumat mübadiləsi ilə əvəzlənməsi çoxdan edilməlidir. Bu məsələdə çox gecikirik. Bunun üçün texniki problem də yoxdur artıq. Hamı bilir ki, DYP və İSB arasında inteqrasiya çoxdan var, sığortası olmayan sürücülər elektron qaydada cərimələnir. Belə olan halda hadisə barədə müvafiq məlumatı dərhal və on-line qaydada DYP-dən müvafiq sığortaçıya ötürməyin nə problemi olmalıdr?”

"Düşünürəm ki, tezliklə xırda qanunvericilik düzəlişini edib, belə məlumat mübadiləsini real təmin etmək lazımdır" - deyə hüquqşünas qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)