Qarabağ

Paşinyan sülh müqaviləsinin razılaşdırılmayan bəndlərinə dair TƏKLİFLƏRİNİ AÇIQLADI

“Sülh müqaviləsi danışıqlarında razılaşdırılmayan iki bənddən biri Ermənistan və Azərbaycan sərhədində üçüncü qüvvələrin yerləşdirilməsi ilə bağlıdır”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Atlantik Şurasının Avrasiya Mərkəzinin baş direktoru, səfir Con Herbstlə müsahibəsində deyib.

“Azərbaycan Avropanın mülki müşahidə missiyasına istinad edərək, sərhəddə üçüncü tərəfin qüvvələrinin yerləşdirilməsinə qadağa tətbiq olunmasını təklif edir. Biz Azərbaycanın bu istəyini nəzərə alırıq və öz təklifimizi irəli sürmüşük, bu da həmin bəndin yalnız sərhədin demarkasiya olunmuş hissələrində tətbiqini nəzərdə tutur. Yəni, əgər biz bu ərazini demarkasiya etmişiksə, bu o deməkdir ki, orada üçüncü tərəf qüvvəsi olmamalıdır. Beləliklə, biz öz təklifimizi yazılı şəkildə təqdim etmişik və Azərbaycanın cavabını gözləyirik”, - deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, sülh müqaviləsinin razılaşdırlmayan digər bəndi hüquqi orqanlarda bir-birindən edilən şikayətlərlə bağlıdır.

“İdeya budur ki, bütün bu şikayətlər geri götürülsün. Ümumiyyətlə, biz də bu fikrin əleyhinə deyilik, amma təklifimiz ondan ibarətdir ki, nəinki bu şikayətlər ləğv edilsin, həm də ikitərəfli münasibətlərdə bu məsələlər gündəmə gətirilməsin. Əks halda, qəribə vəziyyət yarana bilər, tutaq ki, məsələ beynəlxalq strukturun prosesindən çıxarılır, amma tərəflərdən biri onu ikitərəfli münasibətlər masasına gətirməyə çalışır və bu məsələdən istifadə edərək gərginliyin artmasına səbəb olur.

Biz də bütün şikayətlərin geri çəkilməsinin əleyhinə deyilik. Biz təklif edirik ki, münaqişə ilə bağlı gələcək müzakirələrə son qoyulsun və yeni və təmiz səhifədən başlayaraq ikitərəfli münasibətlərdə yeni dövr açılsın.

Əgər fikir vermisinizsə, bu o deməkdir ki, sülh müqaviləsi layihəsinin bütün vacib məsələləri artıq razılaşdırılıb. Bu layihədə çox dərin və həssas mövzular var idi, lakin bütün bu məsələlərdə artıq razılıq var. Məsələn, Ermənistan və Azərbaycan Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasındakı sərhədlərə əsaslanaraq bir-birinin ərazi bütövlüyünü tanımağa razılaşdılar.

Əgər fikir vermisinizsə, bu o deməkdir ki, biz razılaşmışıq ki, sülh müqaviləsi layihəsində Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur və gələcəkdə belə iddialarla çıxış etməyəcəklər. Bu, əslində gələcək sülhün təməl daşıdır və ətrafında hər şey razılaşdırılır. Mən bunu niyə deyirəm, çünki bu, sülhün mövcud olduğunu açıq şəkildə göstərir və indi yalnız sülh müqaviləsi layihəsini başa çatdırmaq, imzalamaq və davamlı sülhə nail olmaq üçün siyasi iradə lazımdır”, - Ermənistanın baş naziri bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)