Azərbaycan Mərkəzi Bankının sədrinə verdiyimiz - 8 SUAL
Bir neçə gün əvvəl Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsi üzrə 2025-ci ilin ilk bəyanatını açıqladı. Mətbuat konfransında həmçinin bank sektoru üzrə Tənzimləyicinin ilin başında atdığı addımlar və yeni tələbləri, o cümlədən ölkədə maliyyə dayanıqlığı, likvidlik məsələləri üzrə açıqlamalar da diqqəti çəkdi. ENA.az saytı olaraq mətbuat konfransında səsləndirdiyimiz suallara aldığımız cavabları oxucularımızın diqqətinə təqdim edirik.
ENA: Kommunal xidmətlər üzrə qiymətlərdəki son artımın inflyasiyaya təsirini nə qədər gözləyirsiniz? Büdcədə nəzərdə tutulub ki, daxili yanacaq üzrə taksitlər artırılsın. Bu da yanacağın qiymətinin artırılması ehtimalını yaradır. AMB inflyasiya ilə bağlı proqnozlarına korreksiya edə bilərmi?
AMB sədri Taleh Kazımov: 2025-ci il üzrə Azərbaycan Mərkəzi Bankının inflyasiya proqnozu 5,5%-dir. Bu ilin yanvar ayında artım baş verən tənzimlənən qiymətlərin inflyasiyaya artırıcı təsirini 0.51% həcmində qiymətləndiririk. Yəni, ilin əvvəlində baş verən dəyişikliklər inflyasiyaya birbaşa və dolayısı yolla təsir edəcək. İnflyasiya ilə bağlı mandatımıza uyğun olaraq müvafiq addımlar atılacaq.
ENA: Uçot dərəcəsi Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə qəbul olunur. Maraqlıdır ki, İdarə Heyətinin bu iclasında uçot dərəcəsinin sabit saxlanılması ilə yanaşı, digər təklif vardımı? Məsələn, uçot dərəcsinin aşağı salınması kimi, nəzərə alsaq ki, açıqladığınız inflyasiya göstəriciləri və manitar amillər buna imkan verirdi. Başqa sözlə, masada B planı var idi, yoxsa yox?
AMB sədri Taleh Kazımov: Artıq altıncı dəfədir ki, uçot dərəcəsi dəyişməz saxlanılır və qeyd edim ki, biz pauza götürdüyümüzü elan etdiyimiz zamandan son iclasa qədər ötən dövrdə fərq ondadır ki, indi daha çox düşünürük ki, potensial olaraq görsək ki, inflyasiya meyilləri biz proqnozlaşdırdığımız istiqamətdə davam edir, uçot dərəcəsinin yumşaldılması qəbul oluna bilər. Altı iclas bundan əvvəl biz daha çox pauza götürüb dəyişməz saxlanmasını düşünürdük, inflyasiya proqnozumuz 5,8% idi. 2025-ci il üçün proqnozumuz 5.5%-dir və azalma istiqamətindədir. Bunun davam edəcəyi təqdirdə biz pul siyasəstimizi yumşaltmağı düşünürük. İdarə Heyətinin üzvləri arasında bu siyasəti dəstəkləyənlərin də sayı artır, amma o da məlumdur ki, bizim inflyasiya xarici təsirlərdən çox asılıdır. Və növbəti qərarlarımızda da xarici və daxili amilləri təhlil edərək bəyanatımızı verəcəyik.
ENA: REPO əməliyyatları 2024-cü il ərzində 251% artıb. Bu isə maliyyə sistemində likvidliyin daralmasının göstəricisi kimi hesab oluna bilər. Likvidliyin azalmasının əsas səbəbləri nədir, mövcud vəziyyəti AMB necə qiymətləndirir?
AMB sədri Taleh Kazımov: İndi hər bir manat dəyərləndirilir. Gəlirlilik əyrisi formalaşıb. Məqsədimiz odur ki, likvidliyi o səviyyədə saxlayaq ki, banklararası bazarın faizi uçot dərəcəsinin ətrafında olsun. İndi siz məndən soruşsanız ki, Taleh müəllim haradan bilirsiniz ki, likvidlik çoxdur yoxsa azdır, deyə bilərəm ki, birincisi, faizlərin kəskin artımı uzun müddətlidir, amma ən əsası istinad faiz dərəcəmiz olan AZIR indeksi indiki faiz dəhlizi daxilindədir. AZIR indeksi uçot dərəcəsinin yuxarı həddinə - 8.25-ə çatırsa, bu o deməkdir ki, bazarda likvidlik azdır. 6.25-ə düşübsə bu o deməkdir ki, likvidlik çoxdur. Mən konkret rəqəm səsləndirə bilmirəm. Məsələn, bu gün ölkədə 100 milyon pul olsa, likvidlik əladır deyə bilmərəm, burada yalnız təxminlər irəli sürülə bilər. Ona görə bizim pul siyasətini həyata keçirmək üçün istinad bir günlük AZIR indeksidir. Biz baxırıq ki, AZIR 7.5%-dir, uçot dərəcəsinin ətrafındadır. Bu göstərici 8.25%-ə qalxanda o deməkdir ki, likvidlik azalıb, banklararası bazar pul cəlb edə bilmir.
Düzdür, Azərbaycan Mərkəzi Bankı limitsiz şəkildə vəsait verə bilər, amma nəzərə alın ki, biz ən bahalısıyıq - çünki dəhlizin yuxarı həddi - 8.25% ilə vəsait veririk.
Bir daha vurğulamaq istərdim ki, əgər AZIR 8.24-ə çatırsa bu, o deməkdir sektorda pul azalıb. Bir neçə gün əvvəl AZIR 7.8-ə qalxmışdı. Dövlət büdcəsinin icrası ilə bağlı sektora likvidlik gəldi, nəticədə AZIR 7.8-dən 6.4-ə düşdü. Son rəqəm isə o deməkdir ki, sektorda likvidlik çoxdur. Bunu nəzərə alaraq biz həftəlik REPOo əməliyyatları aparmağa başladıq. İzafi likvidliyi yığdıq ki, faiz dərəcəsi yenidən uçot dərəcəsi diapozonuna qayıtsın.
Risk üzrə ölçülmüş sərbəst aktivlər o demək deyil ki, onlar hamısı nağd şəkildədir, onların bir hissəsi dövlət qiymətli kağızlarında, bir hissəsi xaricdə investisiya olunub, bir hissəsi isə Mərkəzi Bankın notlarındadır. Yəni, bu vəsaitlər yüksək likvidliyə malikdir və tez bir zamanda nağlaşdırmaq olur.
ENA: 2024-cü il üzrə bankların aktivlərinin tərkibinə baxsaq, “banklar və digər maliyyə qurumlarındakı depozitləri” – üzrə göstəricilərdə ciddi azalma var. Amma kredit portfeli və qiymətli kağızlarda artım dinamikası da izlənir. Burada likvidliyin daralması göstəricisi varmı?
AMB-nin Baş Direktoru Toğrul Əhmədov: Mərkəzi Bank ötən ilin əvvəlində risklərin idarə olunması ilə əlaqədar çərçivəyə dəyişiklik edib və likvidliyin örtülmə əmsalını tətbiq etmişdi. Sözsüz ki, bu tələblərə uyğun olaraq bankların aktivləri üzrə olan maddələrdə dəyişiklik baş verib. Özünüz də qeyd etdiyiniz kimi, qiymətli kağızlarda artım var. Sözsüz ki, banklar bu dəyişikliyi etmişdir və öz aktivləri arasında likvidlik tələblərini icra edərək, Mərkəzi Bankın tələblərinə uyğunlaşma etmişdir. Biz aktivlərin həcmində hər hansı azalma və maliyyə sabitliyinə təhdid yaradacaq bir davranış görmürük.
AMB sədri Taleh Kazımov: Çox vacib məsələ ondan ibarətdir ki, banklar hər bir əməliyyatın gəlirliyini, xərcini hesablamağa başlayıblar. Bir hissədə qazanc əldə edə bilmirlərsə, pulu digər hissəyə yönəldirlər, nəticədə pul dövr edir. Banklararası bazar 2024-ci ildə tarixi rekord vurub - 101 mlrd manat dövriyyə edib, REPO bazarı 11 mlrd manat olub. Bu o deməkdir ki, pul artıq bazarda bir yerdə yığılıb qalmır, dövr edir. Bizim də istəyimiz o idi ki, likvidlik haradasa yığılmısan. İqtisadiyyat bədəndirsə, pul qan dövranıdır. Likvidliyin 80%-nin 2-3 bankda yığılması nə inkişaf, nə maliyyə sabitliyi nöqteyi-nəzərindən faydalı deyil. Biz ona görə də 2022-ci ildə fəaliyyətimizə ilk növbədə pul bazarının yaradılması ilə başladıq.
ENA: Bank sektoru ilə bağlı yanvar ayından başlayaraq atılan addımlar pul-kredit siyasətinin sərtləşdirilməsi kimi qəbul oluna bilərmi?
AMB sədri Taleh Kazımov: Çox geniş sual verdiniz. Yalnız pul siyasətimizə baxsaq, keçən il sterilizasiya əməliyyatlarımızı 6,3 dəfə azaltmışıq. Uçot dərəcəmiz neytral zonadadır - 7,25%-dir. İnflyasiya hədəf çərçivəsindədir. Kreditlərin məhdudlaşdırılmasına gəlincə, buna istinad edirsinizsə, kontr-tsik buferin yaradılmasının səbəblərindən biri odur ki, kredit portfelinin artımı iqtisadiyyatın nominal artımından 2 dəfə çoxdur. AMB-nin 0,5% bufer tələb etməsi kreditləşməyə təsir etməyəcək. Kreditləşmənin artım tempi bütün sahələrdə davam edir. Düzdür, 2024-cü ilin son 4-5 ayında faizlər 0,5-1 faiz həcmində artmışdı, onun da səbəbi bazarda likvidliyin məhdudluğu vəziyyətinin yaranması idi. Dövlət xəzinəsinin qalığı artırdı, biz onun bir hissəsini sterilizasiya əməliyyatları ilə yığmağa nail olduq. Valyuta satışları da sterilizasiya əməliyyatları kimi adlandırlıa bilər. 2-3 həftə ərzində AZIR 1.5% azaldı. Likvidlik qayıtdı iqtisadiyyata və yenidən faizlər aşağı düşdü. Ümumiyyətlə, biznes kreditləri eləcə də pərakəndə kreditlərdə 2018-ci ildən 2024-cü ilədək faizlər demək olar ki, dəyişməyib.
ENA: Banklarda kapitalın adekvatlıq əmsalları sistem əhəmiyyəti olan və olmayan banklar üçün fərqlidir. Azərbaycanda sistem əhəmiyyətli banklar hansılardır, adlarını çəkmək və ya əsas seçim meyarını qeyd etmək olarmı?
AMB sədri Taleh Kazımov: Bu sahədə qaydalara yenidən baxırıq və demək olar ki, qaydalar üzərində iş bitib və aidiyyatı qurumlarla razılaşdırma prosesindədir. Qaydalar təsdiq ediləndən sonra onların sayını və adlarını ictimaiyyətə açıqlayacağıq. Hər ilin sonu üzrə sistem əhəmiyyətli bankların adları rəsmən elan ediləcək.
ENA: Banklardan kənar nağd pul kütləsinin geniş pul kütləsində xüsusi çəkisi artır. 2021-ci ildə 31%-ə düşmüşdü yenidən 35%-ə qalxıb. Əhalinin və şirkətlərin banklardan kənar əldə pul kütləsi saxlama istəyi nə ilə bağlıdır? 16 milyard manat bankda kənar nağd pul kütləsi var. AMB-də belə bir statistika varmı ki, bankdan kənar pul kütləsinin hansı hissəsi əhalidə, hansı hissəsi şirkətlərin kassalarındadır? İqtisadçılar hesab edirlər ki, bankdan kənar nağd pul kütləsi ilə kölgə iqtisadiyyatı arasında bir bağlılıq var. AMB belə bir bağlılığı görürmü?
AMB Baş direktoru Vüqar Əhmədov: Biz təhlillərimizdə görürük ki, bu sırf iqtisadi subyektlərin davranışlarından irəli gəlir. AMB-nin mandatında davranışların təhlili olsa belə, ona qarşı bir alət kimi nağdsız ödənişlərin, depozit bazasının genişlənməsinə, monetar idarəetmənin effektliyini artırmağa çalışır. Amma hər hansı subyekt tərəfindən nağdlaşdırma baş verirsə, aydındır ki, burada ev təsərrüfatlarından söhbət gedə bilər. Çünki “Nağdsız ödənişlər haqqında qanun” hüquqi şəxslərin sürətli nağdlaşdırma etməsinə imkan vermir. Bu, izlədiyimiz bir prosesdir. Dövriyyədə olan nağd pulun dinamikasına baxsanız, əhəmiyyətli bir artım yoxdur. Biz artıq iki ədədli artım müşahidə etmirik.
AMB sədri Taleh Kazımov: Bizim məlumatımız yoxdur, nağd vəsaitlərin hansı hissəsi əhalidə, hansı hissəsi biznesdədir. Onu deyə bilərəm ki, 2024-cü ildə M0 (M0-dövriyyədə olan nağd pullardır-red) azalıb. M0-ın 15,9 milyard manat olduğu bizi narahat edirmi? Bəli, edir. Bu məsələdə müsbət irəliləyişə nail olmağımzda əsas maliyyə alətlərimizdən istifadə, həmçinin maliyyə sektorunun, maliyyə xidmətlərinin inklüzivliyinin artırılması bizə kömək edəcək. Amma ümumilikdə bu, tək Mərkəzi Bankın işi və ya maliyyə sektorun işindən irəli gəlmir. Biz başa düşürük ki, maliyyə sektorunun inklüzivliyini, əlçatanlığını, maliyyə sektoruna inamı artırmalıyıq, istehlakçıların hüquqlarını müdafiə etməliyik. Bütün siyasətimiz bu istiqamətdədir. Həyata keçirdiyimiz “pul siyasəti” nəticəsində əmanətçilərin sayı 40% artıb, M2 isə 3% dən çox artıb. Bir daha qeyd edim ki, bu bizi narahat edən məsələdir və foksumuzdadır. Və səmimi deyim ki, bu sadəcə bizi narahat edən məsələ deyil, həmçinin hökuməti də düşündürür.
ENA: 2024-cü ilin noyabr ayına olan məlumata görə, Azərbaycanda pul bazası 23 milyard 74 milyon manat, manatla pul bazası isə 20 milyard 577 milyon manatdır. Təxminən 2,6 milyard manat həcmində bir fərq var. Qeyri-manat pul bazasına nələr daxildir?
AMB Baş direktoru Vüqar Əhmədov: Düzgün qeyd etdiniz ki, ortada olan 2,6 milyard manat fərq var. Bu fərq xarici valyutada bankların müxbir hesablarındakı vəsaitlərdir. Ümumiyyətlə, manatla olan vəsaitlərin həcmi 20 milyardır və bu iki hissədən ibarətdir: manatdakı müxbir hesablar və dövriyyədə olan nağd vəsaitlər.
P.S. Qeyd edək ki, bu suallar Azərbaycan Mərkəzi Bankının yanvarın 22-də keçirdiyi mətbuat konfransında səsləndirilib. Suallarımızı səbrlə cavablandırdığı üçün Azərbaycan Mərkəzi Bankının sədrinə və bütün komandasına təşəkkür edirik.